...

Sürücü cərimənin banka ödənilməsi ilə bağlı yol polisini məlumatlandırmamalıdır - DYP

Cəmiyyət Materials 13 İyul 2011 12:34 (UTC +04:00)
İnzibati xəta törətmiş sürücü cərimənin banka ödənilməsi ilə bağlı yol polisini məlumatlandırmamalıdır.
Sürücü cərimənin banka ödənilməsi ilə bağlı yol polisini məlumatlandırmamalıdır - DYP

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İnzibati xəta törətmiş sürücü cərimənin banka ödənilməsi ilə bağlı yol polisini məlumatlandırmamalıdır.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, iyulun 1-dən qüvvəyə minən "Yol hərəkəti haqqında qanun"a edilən əlavə və dəyişikliklərdə (qanunun 85-1-ci maddəsinin 9-cu bəndi) qeyd olunur ki, inzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona bank tərəfindən qəbz verilir.

"Ödənişi qəbul edən bank cərimə bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü ərzində yol polisinə məlumat verir", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, yol polisinin məlumatlandırılması vəzifəsi inzibati xəta törətmiş sürücünün üzərinə düşmür.

Əliyev qeyd edib ki, iyulun 1-dək inzibati qaydada cəzalandırılmış sürücülər cəriməni ödəmələri ilə bağlı yol polisini məlumatlandırmalıdır.

"İnzibati xəta törətmiş sürücü qərarın surətini alandan sonra banka ödəniş etməsi ilə bağlı yol polisinə məlumat verməlidir. Sürücü qəbzin surətini polisə ya elektron ünvan, ya da faksla göndərə bilər. Vacib olanı yol polisinə cərimənin ödənildiyini xəbər verməkdir", - o qeyd edib.

Yeni dəyişikliklərə görə, inzibati xəta törətmiş şəxsin plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd aparılır.

Cərimə bildirişi xüsusi hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına nömrə üzrə ciddi hesabatla verilən blank formasında tərtib edilir.

Xəbər lenti

Xəbər lenti