...

Daxili Qoşunlar hərbi şəhərcikdə zabitlərə məxsus evlərin sökülməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 14 İyul 2011 15:49 (UTC +04:00)
Bəzi kütləvi informasiya vasitələrində Daxili Qoşunların Hacıqabuldakı N saylı hərbi hissəsinin ərazisindəki hərbi şəhərcikdə yaşayan Bəxtiyar Yusif oğlu Vəkilov və Ədalət Səttar oğlu Qənbərovun yaşadıqları mənzildən "qeyri-qanuni" çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Daxili Qoşunlar hərbi şəhərcikdə zabitlərə məxsus evlərin sökülməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bəzi kütləvi informasiya vasitələrində Daxili Qoşunların Hacıqabuldakı N saylı hərbi hissəsinin ərazisindəki hərbi şəhərcikdə yaşayan Bəxtiyar Yusif oğlu Vəkilov və Ədalət Səttar oğlu Qənbərovun yaşadıqları mənzildən "qeyri-qanuni" çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova Trend-ə bildirib ki, Prezidentin 31 may 1992-ci il tarixli sərəncamı ilə sabiq aviasiya polkunun əraziləri Daxili Qoşunların Hacıqabulda yerləşən operativ idarə balansına verilib.

"Hərbi şəhərcikdə 1952-ci ildə tikilmiş fin evlərinin qəza vəziyyətində olduğuı nəzərə alınaraq onların sökülməsi, bunanla əlaqədar ərazidə yenidənqurma və abadlıq işlərinin aparılması planlaşdırılıb. Həmin ərazidə əsgərlər üçün yeni yaşayış kazarmalarının tikilməsi nəzərdə tutulub. Elə bu səbəbdən də hərbi şəhərcikdə qeyri-qanuni yaşayan vətəndaşlar çıxarılıb, qanuni yaşayan vətəndaşlar isə hərbi şəhərcikdə olan 2 və 5 mərtəbəli binalarda yerləşdirilib. Hərbi şəhərcikdə qəza vəziyyətində olan həmin binalar hərbçi ailələrinə müvəqqəti yaşayış kimi verilib, bəzi mənzillər isə məcburi köçkünlər və digər vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda qeyri-qanuni olaraq tutulub", - Məmmədova deyib.

Onun sözlərinə görə, qeyd olunan evlərdən çıxmaq istəməyən Qənbərov Ədalət Səttar oğluna 18.07.1991-ci il tarixli orderə əsasən hərbi şəhərcikdə 12 saylı binanın 3 otaqlı mənzili, Vəkilov Bəxtiyar Yusif oğluna isə 17.05.1991-ci il tarixli orderə əsasən Müdafiə Nazirliyinin Salyan mənzil istismar hissəsi tərəfindən 7 nömrəli fin evinin 4 otaqlı mənzili verilib.

"Söküntü işləri ilə əlaqədar olaraq mənzil qanunvericiliyinin tələblərinə əsasən, Vəkilova ailə üzvləri ilə birgə digər yaşayış sahəsinin təklif olunmasına baxmayaraq, o, bundan imtina edir və qəza vəziyyətində olan binadan çıxmayacağını bildirir", - Məmmədova vurğulayıb.

Daxili Qoşunların sözçüsü onu da bildirib ki, Ədalət Qənbərova Salyan rayon MİS tərəfindən verilmiş 15 gün müddətində qüvvədə olan order onun qardaşı Qənbərov Mehman Səttar oğlunun adına verilib. O isə Azərbaycan sərhədlərindən kənarda yaşayır.

"Ədalət Qənbərovun adına Hacıqabul şəhəri, 20 yanvar küçəsi, dalan 3-də 6 sot torpaq sahəsində inşa edilmiş 6 otaqdan ibarət 29 nömrəli ev də olub. O, həmin mənzili 11 yanvar 2003-cü il tarixdə satıb", - o bildirib.

Məmmədova qeyd edib ki, Ədalət Qənbərov da müxtəlif bəhanələrlə digər təklif olunan mənzilə köçməkdən imtina edir.

"Qısa müddət ərzində hərbi hissənin zabitləri üçün yeni xidməti mənzillər istifadəyə veriləcək. Qənbərov və Vəkilova hətta boşalan binadan belə istədikləri mənzili seçmək hüququ da verilir. Hər iki vətəndaş - Ədalət Qənbərovun və Bəxtiyar Vəkilovun tələbləri tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə ziddir", - o deyib.

DQ-nin Mətbuat xidmətinin rəsmisi bildirib ki, qeyd olunan məsələ ilə bağlı qəzalı mənzilləri tərk etməyən iddiaçıların bir neçə məhkəmədə müraciətlərinə baxılıb və yalnız qanun çərçivəsində qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti