...

Fuad Ələsgərov: Azərbaycanda vətəndaşların məhkəmələrə inamı artıb

Cəmiyyət Materials 25 İyul 2011 11:03
Azərbaycanda vətəndaşların məhkəmələrə inamı artıb.
Fuad Ələsgərov: Azərbaycanda vətəndaşların məhkəmələrə inamı artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vətəndaşların məhkəmələrə inamı artıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Hüquqşünasları Konfederasiyası, Konstitusiya Məhkəməsi, Məhkəmə-Hüquq Şurası
və Ədliyyə Nazirliyinin birgə təşkil etdiyi hakimlərin yay məktəbində çıxışı zamanı Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

"Ölkəmizdə məhkəmələrin və hakimlərin müstəqilliyinin təmini üçün tədbirlər həyata keçirilib. Vətəndaşların məhkəmələrə inamı artıb. Son illər vətəndaşların məhkəmələrə müraciətlərinin sayı çoxalıb", - Ələsgərov deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan qanunvericiliyi İnsan Hüquqlarına dair Avropa Konvensiyasına uyğunlaşdırılır.

"Hakim və prokurorlar üçün presedent hüququn öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçirilib. Presedent hüququn tətbiqi ilə hakimlərin dünya görüşü genişlənir, Avropa təcrübəsi öyrənilir, hüquq mədəniyyəti formalaşır", - Ələsgərov belə hesab edir.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin iş yükünü azaltmaq üçün presedent hüququ tətbiq edilməli, insan hüquqlarının pozulmasının qarşısını almaq üçün onun səmərəliliyi artırılmalıdır.

PA rəsmisi bildirib ki, Avropa Məhkəməsinin presedent hüququnun Azərbaycan məhkəmələri tərəfindən tətbiqi ilə bağlı tapşırıq verilib.

"Məhkəmələrin hökm və qərarlarında presedent hüququna istinad edilməsi Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinə səbəb olur", - Ələsgərov qeyd edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bildirib ki, Konstitusiyada qeyd olunub ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə digər normativ hüquqi aktlar arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələr üstün hüquqa malikdir.

"Beynəlxalq normativ sənədlər Azərbaycan qanunvericilik sisteminə daxil olub. Avropa Məhkəməsinin presedentləri də qanunvericilik sisteminə daxil edilib. Azərbaycan Avropa Şurasına üzv olmazdan əvvəl ölkənin Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin presedentlərini qərarlarında tətbiq edirdi. Sivil yanaşma həm vətəndaşların, həm də dövlət qurumlarının fəaliyyətində mövcuddur. İnsanların məhkəmə sisteminə inamının artması və haqq-ədalətin məhkəmələrdə axtarılması bizim nailiyyətlərimizdəndir", - Abdullayev əlavə edib.

Yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələri ilə bağlıdır. Tədbirdə azadlıq və təhlükəsizlik hüququ, ədalətli məhkəmə araşdırması hüququ, məhkəmənin presidentləri, konkret kazuslarla bağlı fikir mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti