...

Təcili Yardım Stansiyası Bakı sürücülərinə müraciət etdi

Cəmiyyət Materials 29 İyul 2011 15:54 (UTC +04:00)
Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin hərəkəti zamanı təcili yardım maşınlarına yol verilmir, sürücülər bu maşınlara yol verməkdə güzəşt etmirlər.
Təcili Yardım Stansiyası Bakı sürücülərinə müraciət etdi

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan paytaxtında nəqliyyat vasitələrinin hərəkəti zamanı təcili yardım maşınlarına yol verilmir, sürücülər bu maşınlara yol verməkdə güzəşt etmirlər. Bunu cümə günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, əslində hərəkət zamanı xüsusi təyinatlı avtomobillərə - polis, təcili yardım və yanğınsöndürən maşınlara yol açıq olmalıdır. Bu, sürücülük vəsiqəsi almaq üçün təhsil alan hər bir şəxsə öyrədilir.

Həmidov deyib ki, bu baxımdan, sovet dövründə vəziyyət daha yaxşı olub. Həmin dövrdə magistral yolların ortasında ağ xətt olurdu, təcili yardım maşınları da müəyyən vaxtlarda bu xətlərin üzərindən keçməklə ünvanlara çatmağa çalışırdılar.

"İndi isə həmin ağ xətti götürüb onun yerində işıq dirəkləri basdırıblar. Amma hər halda, yollarda ağ xətlər olsa belə, sürücülərimiz intizamsız olduğundan, o halda da təcili yardım maşınlarına yol verməyəcəklər. Digər tərəfdən, bu gün Bakıda maşınların sayı həddindən çox artıb, küçələr darısqaldır. Ona görə də sürücülər istəsələr belə, təcili yardım maşınlarına yol verə bilmirlər. Bu məsələ ciddi problemdir. Yəqin ki, bu məsələ ilə şəhər rəhbərliyi məşğul olmalıdır", - baş həkim bildirib.

O əlavə edib ki, pik saatlarda - səhər saat 11:00-dan 12:00-a qədər, axsam 16-17:00-dan 24:00-dək BŞTTTYS-yə edilən çağırışların sayı çox olur. Amma pik saatlarda bəzi magistral yollarda tıxaclar yaranır. Stansiya paytaxtın mərkəzi küçələrində təcili yardım maşınlarının hərəkətində çətinliklərlə əlaqədar müvafiq qurumlara, o cümlədən Bakı şəhər Yol Polisi İdarəsinə müraciət edib. Amma bu müraciətlər heç bir nəticə verməyib.

Həmidov deyib ki, buna baxmayaraq, təcili yardım maşınları çağırış edilən ünvanlara vaxtında çatırlar və heç bir gecikmə baş vermir. Bunun üçün BŞTTTYS hərəkətin intensivliyi artan saatlarda briqadaları müxtəlif məhəllələrə göndərir. Bununla yanaşı, çağırış daxil olanda mərkəzi dispetçer xidməti radiorabitə vasitəsilə həmin əraziyə yaxın olan briqada ilə əlaqə saxlayır.

Xəbər lenti

Xəbər lenti