...

İranda dörd terrorçu həbs olunub

Cəmiyyət Materials 27 Avqust 2011 17:13 (UTC +04:00)
İranda Qüds günü və Ramazan bayramı zamanı silsilə terror aktları təşkil etməyi planlaşdıran "Cundullah" terror təşkilatının dörd üzvü həbs olunub.
İranda dörd terrorçu həbs olunub

Azərbaycan, Bakı, 27 avqust /Trend/

İranda Qüds günü və Ramazan bayramı zamanı silsilə terror aktları təşkil etməyi planlaşdıran "Cundullah" terror təşkilatının dörd üzvü həbs olunub. Trend-in "Mehr" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə Sistan və Bəluçistan vilayətinin polis rəhbəri Məsud Heydəri bildirib.

Onun sözlərinə görə, təşkilatın üç üzvü avqustun 23-də Kirman əyaləti yolunda həbs edilib. Onlardan partlayıcı maddələr və silah götürülüb.

Öz günahlarını etiraf etdikdən sonra dördüncü terrorçu avqustun 24-də Xaş şəhərində saxlanılıb. Axtarış zamanı onun üzərindən altı ədəd silah və partlayıcı maddələr aşkar edilib.

Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.

Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.

"Cundullah" lideri Əbdülmalik Riqi 2010-cu il iyunun sonlarında İranda edam olunub. O, 2010-cu il fevralın 23-də Dubaydan Qırğızıstana gedən təyyarədə həbs edilib.

Xəbər lenti

Xəbər lenti