...

Balakəndə Gənclər Evi açılacaq

Cəmiyyət Materials 1 Sentyabr 2011 16:00 (UTC +04:00)
Azərbaycanın Balakən rayonunda sentyabrın 2-də Gənclər Evinin açılışı olacaq.
Balakəndə Gənclər Evi açılacaq

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Balakən rayonunda sentyabrın 2-də Gənclər Evinin açılışı olacaq. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Balakən Gənclər Evi Azərbaycan Nazirlər Kabinetinin 19 fevral 2007-ci il tarixli sərəncamı ilə Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Tikintisi üçün Balakən rayon İcra Hakimiyyəti tərəfindən rayonun Heydər Əliyev prospektində 0,22 hektar torpaq sahəsi ayrılıb. Gənclər Evinin inşasına 2008-ci ildən başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, yaxın dörd ildə Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda Gənclər Evi yaradılacaq. Gənclər Evinin yaradılmasında məqsəd gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti