...

Azərbaycan hökuməti uşaq hüquqlarının vəziyyəti ilə bağlı BMT-yə dördüncü hesabatını təqdim edib

Cəmiyyət Materials 10 Sentyabr 2011 11:25 (UTC +04:00)
Azərbaycan hökuməti uşaq hüquqlarının vəziyyəti ilə bağlı BMT-yə sayca dördüncü hesabatını təşkilatın Uşaq Hüquqları Komitəsinə təqdim edib.
Azərbaycan hökuməti uşaq hüquqlarının vəziyyəti ilə bağlı BMT-yə dördüncü hesabatını təqdim edib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir K.Zərbalıyeva /

Azərbaycan hökuməti uşaq hüquqlarının vəziyyəti ilə bağlı BMT-yə sayca dördüncü hesabatını təşkilatın Uşaq Hüquqları Komitəsinə təqdim edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) Trend-ə verilən məlumata görə, hazırlanmış hesabatla bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Dövlət Komitəsindən bildirilib ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin yanvarın 16-dan fevralın 3-dək keçiriləcək sessiyasında Azərbaycanın təqdim etdiyi hesabatla bağlı müzakirələr aparılacaq.

Sənədin müzakirəsində Azərbaycanın uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan aidiyyəti qurumlarının nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti iştirak edəcək.

Hesabatda Azərbaycanda uşaq hüquqlarının vəziyyəti ilə bağlı movcud problemlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlər öz əksini tapıb.

Uşaq hüquqları ilə bağlı əsas problemlər küçə uşaqları, uşaq evlərindən çıxan uşaqların üzləşdikləri çətinliklərin, o cümlədən məşğulluq və yaşayış yeri ilə təmin olunma problemlərinin həlli, erkən nikahların nəticəsi kimi bəzi məktəb yaşlı qızların təhsildən kənarda qalması, ailə daxilində uşaqlara qarşı şiddət halları və s. ilə bağlıdır.

Komitə hesab edir ki, qeyd olunan məsələlərin həlli ilə bağlı dövlət tərəfindən tədbirlər görülsə də, bu problemlərin yaranmasında valideyn məsuliyyətsizliyi əsas rol oynayır.

Azərbaycan 1992-ci ildə BMT-nin Uşaq hüquqları ilə bağlı Konvensiyasına qoşulub və uşaq hüquqlarının müdafiəsi ilə bağlı üzərinə öhdəliklər götürüb. Həmin öhdəliklərdən biri də uşaq hüquqlarının vəziyyəti ilə bağlı hökumətin BMT-yə hesabat təqdim etməsidir.

Dövlətin hazırladığı sayca 4-cü hesabat Dövlət Komitəsinin fəaliyyətə başlamasından sonra hazırlanan ilk analoji sənəddir.

Uşaq Hüquqları Komitəsinin iyul ayında keçirilən sessiyasında uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının hazırladığı alternativ hesabat müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti