3-cü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 16:24-də yayılıb)
Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda televiziya efirində milli filmlərin çəkisi artırılmalıdır. Trend-in məlumatına görə, bunu "Azərbaycanda milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr" mövzusunda cümə günü keçirilən "dəyirmi masa"da Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
"Azərbaycanda xarici seriallar çoxluq təşkil edir ki, onlar da milli-mənəvi dəyərlərə uyğun gəlmir", - Məhərrəmli deyib.
Məhərrəmli bildirib ki, bu işdə TV-lərin də üzərinə vəzifə düşür ki, gənclərin tərbiyəsinə müsbət təsir göstərəcək filmlər nümayiş olunsun.
"Azərbaycanda bu sahədə son illər canlanma müşahidə olunur, yeni seriallar və filmlər çəkilməyə başlayıb", - o vurğulayıb.
MTRŞ sədri onu da qeyd edib ki, son illər Mədəniyyət və Turizm Nazirliyinə filmlərin çəkilməsi üçün kifayət qədər böyük vəsait ayrılıb.
"Lakin həmin filmlər Azərbaycan tamaşaçılarının nəzərindən kənarda qalıb. Xarici müsabiqələr üçün filmlərin hazırlanması əsas məsələ deyil", - o bildirib.
Məhərrəmli deyib ki, Azərbaycan Prezidentinin 9 sentyabrda imzaladığı sərəncam dəqiqliklə yerinə yetirilməlidir ki, filmlərlə bağlı olan problemlərin bir hissəsi aradan qalxmış olsun.
Prezident İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb.