Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda insanlarda turizm etikası formalaşmalıdır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyinin və Mətbuat Şurasının təşəbbüsü ilə "Turizmin inkişafı media müstəvisində" mövzusunda keçirilən "dəyirmi masa"da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
"Azərbaycanda bəzən insanlar istirahət etdikləri yerlərdə ocaq qalayırlar və sonradan həmin ocağı söndürmürlər. Qobustan qayalarında tarixi yazılardan əlavə, bura gələn qonaqlar da qayaların üzərində yazılar yazırlar", - Qarayev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində 10 min turistin yerləşdirilməsi mümkündür.
Qarayev deyib ki, hazırda Azərbaycandakı otellərdə 31 548 nəfərin yerləşdirilməsi mümkündür.
"Bütün bunlar yerli sərmayəçilərin hesabına mümkün olub", - nazir deyib.
Azərbaycanda bu il "Turizm ili" elan edilib.