...

Azərbaycanda təhsil xərclərinin çox hissəsi əməkhaqqının ödənişinə sərf edilir

Cəmiyyət Materials 20 Sentyabr 2011 16:21 (UTC +04:00)
2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin çox hissəsi - 76,7 faizi əməhaqqının ödənişinə sərf ediləcək.
Azərbaycanda təhsil xərclərinin çox hissəsi əməkhaqqının ödənişinə sərf edilir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2011-ci ildə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərclərinin çox hissəsi - 76,7 faizi əməhaqqının ödənişinə sərf ediləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda təhsil işçilərinin orta aylıq nominal əməkhaqqısı 272,2 manatdır.

Builki təhsil xərclərinin 11,2 faizini təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 2,2 faizini şagird və tələbələrin təqaüdləri və digər sosial müavinətlər, 2,3 faizini kommunal xərclər, 7,6 faizini isə digər xərclər (rabitə, icarə, mühafizə və s. xərclər) təşkil edir.

Nazirlikdən bildirilib ki, bu il dövlət büdcəsindən təhsil sahəsinə 273,2 milyon manat həcmində investisiya xərclərinin ayrılması proqnozlaşdırılır.

Təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri üçün Təhsil Nazirliyinə 86,3 milyon manat, Bakı şəhər İcra Hakimiyyətinə 114,4 milyon manat, Prezidentin Ehtiyat Fondundan Bakı şəhərinin müvafiq rayonlarının icra hakimiyyətlərinə 11 milyon manat, respublikanın digər rayon (şəhər) icra hakimiyyətlərinə isə 61,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Dövlət büdcəsindən təhsilə ayrılan faktiki xərclər 2010-cu ildə 1 180,8 milyon manat olub. Bu il dövlət büdcəsindən təhsilə ayrılması nəzərdə tutulan xərclər 2010-cu ilin müvafiq faktiki xərclərindən 219 milyon manat və ya 18,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti