...

Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 21 Sentyabr 2011 12:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.
Kür və Araz çaylarında keçirilən növbəti ekoloji monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının II ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sentyabrın II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyə nisbətən 31,2 m3/san azalaraq 93,8 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.

Sentyabrın II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 4.7-6.43 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti