...

Azərbaycan Səhiyyə Nazirliyi çörək istehsalı zamanı aşkarlanan nöqsanları açıqlayıb

Cəmiyyət Materials 22 Sentyabr 2011 16:18 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi çörək sexlərində çörəyin istehsalı zamanı daha çox rast gəlinən nöqsanları açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi çörək istehsalı zamanı aşkarlanan nöqsanları açıqlayıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi çörək sexlərində çörəyin istehsalı zamanı daha çox rast gəlinən nöqsanları açıqlayıb.

Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin cümə axşamı Trend-ə verdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı çörək sexlərində apardıqları yoxlamalar nəticəsində nöqsanların əsasən gigiyenik normalara əməl etməməklə bağlı olduğu üzə çıxıb.

Abdullayevin sözlərinə görə, un anbarda, təmiz şəraitdə saxlanılmalıdır. Yoxlamalar zamanı isə məlum olub ki, sexlərdə un kisəsini birbaşa yerə qoyurlar. Bu da unun nəmlənməsinə, onun keyfiyyətinin pisləşməsinə səbəb olur.

Bundan əlavə, çörəklər bişirilərkən un ələnmir, satılmayan çörəklər yeni bişirilən çörəklərlə eyni yerdə saxlanılır. Bu isə qətiyyən yolverilməzdir.

Aşkarlanan digər nöqsanlar isə sex işçilərinin tibbi müayinədən keçməməsi, hazır çörəklərin daşınması üçün avtomaşının olmaması ilə bağlıdır.

Abdullayevin sözlərinə görə, yoxlamalar zamanı köhnə, satılmamış çörəklərin yenidən istehsalat sexinə gətirilməsi halları da aşkarlanıb. Bu isə yolverilməzdir.

"Belə çörəklər yeni bişirilən çörəklərin tərkibinə qatmaq üçün də yenidən sexə gətirilə bilər. Digər tərəfdən, belə çörəklər kiflənərək çoxlu göbələklər yaradırlar. Bu isə istehsal sexini çirkləndirir", - Abdullayev qeyd edib.

O əlavə edib ki, çörək sexləri satılmayan çörəkləri toplayıb, onları quru yerdə saxlamalıdırlar. Həmin çörəkləri yalnız baytar həkimlərin icazə ilə heyvanlar üçün yem məqsədilə istifadə etmək olar.

Sexlərdə köhnə çörəklərdən çörəyin bişirilməsi zamanı istifadə edilib-edilmədiyinə gəldikdə, Abdullayev belə halların mümkün olduğunu da deyib.

"Buna yol verilmir, amma sexlərdə köhnə çörəklərdən istifadə edilə bilər. Mən heç kimə təminat verərək "bunu etmir" deyə bilmərəm. Satışdan geri qayıdan çörəklər artıq sexdə deyil, başqa bir yerdə saxlanılmalıdır. Belə halların aşkarlandığı sexləri cəzalandırırıq", - mərkəz nümayəndəsi bildirib.

Abdullayevin sözlərinə görə, sadaladığı nöqsanları bütün çörək sexlərinə aid etmək olmaz. Yoxlama apardıqları ərazilərdə müasir tələblərə uyğun fəaliyyət göstərən sexlər də var.

Xəbər lenti

Xəbər lenti