Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Azərbaycan-Fransa İqtisadi Komissiyasının VI iclası keçirilib.
Trend-in şənbə günü Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sentyabrın 23-də Parisdə Azərbaycan-Fransa İqtisadi Komissiyasının VI iclası keçirilib. Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovun, Fransa tərəfindən isə ticarət naziri Pyer Leluşun sədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İclasda çıxış edən Azərbaycan tərəfindən komissiyanın həmsədri Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycan-Fransa münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qarşılıqlı səfərlərinin ölkələr arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayan nazir bu baxımdan oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Fransa Prezidenti Nikola Sarkozinin Azərbaycana gözlənilən səfərinin əlaqələrin inkişafı üçün mühüm stimul olacağına əminliyini ifadə edib.
Fransanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini deyən komissiyanın Fransa tərəfindən həmsədri P.Leluş isə İqtisadi Komissiyanın ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rol oynadığını qeyd etmişdir.
İclasda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin aparıcı rol oynadığı vurğulanmış, "TOTAL" və "GDF SUEZ" şirkətləri ilə "SOCAR" şirkəti arasında əməkdaşlığın möhkəmləndirilməsi və daha da genişləndirilməsi qərara alınmışdır.
Müzakirələr zamanı təklif olunmuşdur ki, Azərbaycan və Fransa şirkətlərinin ixrac, ticarət və investisiya ilə bağlı təşkil olunan konfrans, seminar, biznes-forum, sərgi və yarmarkalarda iştirakı təmin edilsin. Azərbaycanda qeyri-neft və qaz sektorunun inkişaf etdirilməsi və bu sahədə investisiya layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Fransa maliyyə institutlarının "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə birgə investisiya fondunun yaradılması imkanının müzakirə edilməsinin vacibliyi ifadə olunmuşdur.
Azərbaycan tərəfi ətraf mühit və su sahəsində mühüm layihələrin həyata keçirilməsində Fransa şirkətlərinin əməkdaşlığını qeyd edərək ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması sahəsində beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilən layihələr çərçivəsində davam edən tenderlərdə fransız şirkətlərini fəal iştirak etməyə dəvət etmişdir. Bundan əlavə, komissiya üzvləri tərəfindən yaxın, orta və uzaq magistral təyyarələrin gələcəkdə təhcizatı ilə bağlı "Azal" QSC və "Airbus" şirkəti arasında mövcud əməkdaşlıq dəstəklənmişdir.
İclasda Azərbaycan tərəfi İƏİT təşkilatında həmin təşkilat tərəfindən eksport kredit çərçivəsində kredit resurslarının ayrılması mexanizmini daha aşağı faiz dərəcəsi ilə tətbiq etdiyi daha yüksək ölkələr qrupuna daxil edilməsi məsələsini qaldırmış, Fransız tərəfi isə son beş ildə Azərbaycanın beynəlxalg kredit reytinqlərinin artmasini nəzərə alaraq bu işə öz töhfəsini verməyə söz vermişdir.
Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayan komissiya üzvləri bu sahədə iki ölkə arasında əməkdaşlıq çərçivəsində prioritet istiqamətlər kimi Azərbaycanda fransız dilinin, Fransada isə Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi və genişləndirilməsi, kadr mübadiləsi, tələbə hazırlığı məqsədilə təqaüd proqramlarının təsis edilməsini qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 34 nəfər gənc Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Fransanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar. Bundan əlavə, Azərbaycanın 7 ali təhsil müəssisəsində fransız dili və ədəbiyyatı ixtisas fənni tədris olunur, ota məktəblərdə 70 mindən çox şagird xarici dil kimi fransız dilini öyrənir. Bu əlaqələrin davamı olaraq 2011-ci il martın 1-də Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Fransa Respublikasının Bakıdakı Səfirliyi və Dövlət Neft Şirkəti tərəfindən Bakı şəhərində fransız dili məktəbinin təsis edilməsi haqqında Niyyət bəyannaməsi imzalanmışdır.
İclasda həmçinin, Azərbaycan və Fransa arasında ticarət əlaqələrinin uzunmüddətli inkişafı, infrastruktur layihələri, mulki aviasiya və hava yolları, dəmiryolu, şəhər və yol nəqliyyatı, kosmik və telekomunikasiya texnologiyaları, fövqəladə hallar riskinin azaldılması, maliyyə əməkdaşlığı və digər sahələr üzrə əlaqələrin inkişafı və daha da genişləndirilməsi ilə bağlı da müzakirələr aparmışdır.
Bundan başqa, Avropa Birliyi institutları ilə Azərbaycan arasında hazırkı əməkdaşlığın daha da genişləndirilməsi və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün Fransanın gələcəkdə təkmilləşdirilməsi tələb olunan bütün digər sahələrdə Azərbaycanla əməkdaşlığına dair də fikir mübadiləsi aparılmışdır.
İclasın sonunda Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında İqtisadi Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanmışdır.
Sonra maliyyə naziri Samir Şərifov və Fransanın ticarət naziri Pyer Leluş jurnalistlərə müsahibə vermişlər.