...

Müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiya qaydaları təsdiqlənib

Cəmiyyət Materials 26 Sentyabr 2011 11:26 (UTC +04:00)
Nazirlər Kabineti müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qaydalarını təsdiq edib.
Müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların akkreditasiya qaydaları təsdiqlənib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi qaydalarını təsdiq edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, akkreditasiyanın məqsədi təşkilata onun nizamnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyalar çərçivəsində müvafiq dairədə fəaliyyət səlahiyyətlərinin verilməsindən ibarətdir.

Təşkilatın akkreditasiyası Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.

Qaydalara görə, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatlar, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatlar akkreditasiyadan keçməlidirlər. Təşkilat Agentlik tərəfindən 5 il müddətinə akkreditasiya olunur.

Təşkilatın akkreditasiyası üçün Agentlikdə Akkreditasiya Komissiyası yaradılır və onun tərkibi Agentliyin sədri tərəfindən təsdiq edilir.

Akkreditasiya üçün ərizə təşkilatın rəhbəri, yaxud onu əvəz edən vəzifəli şəxs tərəfindən imzalanaraq, özü və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən Agentliyə təqdim edilməlidir.

Qaydalarda akkreditasiyadan imtina edilməsi, akkreditasiyanın ləğv edilməsi əsasları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti