Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda Parlamentin payız sessiyasının müzakirəsinə çıxarılacaq "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsində magistraturaya daxil olan tələbələrə möhlət hüququnun verilməsi gözlənilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə çərşənbə günü millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
"Bir zaman magistraturaya daxil olanlara möhlət hüququnun verilməsinin ləğv edilməsi ordunun komplektləşməsi üçün atılan bir addım kimi zəruri idi. Lakin hesab edirəm ki, hazırda bu problem mövcud deyil", - Oruc deyib.
Millət vəkili qeyd edib ki, hazırda magistraturada oxuyan oğlanlar 17 faiz təşkil edir. Üç minə qədər magistr var, onların da təxminən yarısı oğlandır və ordunun komplektləşdirilməsinə təsir göstərə bilməz. "Elm təhlükəsizlik komponentidir və silahlı qüvvələrin Vətəni qoruması qədər vacibdir", - o vurğulayıb.
Oruc bildirib ki, Azərbaycanın hərbi sənayesinin əsasını kifayət qədər savadlı insanlar təşkil etməlidir. Onun sözlərinə görə, bu məsələ Təhlükəsizlik və müdafiə komitəsinin iclasında qaldırılıb, bir sıra millət vəkillərinin dəstəyini qazanıb və komitə rəhbərliyi magistrantlara möhlət hüququ verilməsi ilə bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparılacağını bildirib.
Zahid Oruc deyib ki, ümumilikdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi bu sahədə bundan qabaq qəbul olunan qanunların ümumi toplusudur. "Orada nəzərdə tutulacaq yeniliklər Azərbaycanın beynəlxalq hərbi əməkdaşlığı ilə bağlı tələblərdən irəli gələn məsələlərdir. Amma hərbi xidmətin əsaslarına aid olan fundamental məsələlərdə - çağırış yaşı, dövrü məsələlərdə dəyişikliklər yoxdur", - millət vəkili qeyd edib.