...

Azərbaycan ombudsmanı BMT-nin Cənubi Qafqazdakı nümayəndəsi ilə gələcək əməkdaşlığın prioritetlərini müzakirə edib

Cəmiyyət Materials 29 Sentyabr 2011 20:18 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin yeni təyin olunmuş insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.
Azərbaycan ombudsmanı BMT-nin Cənubi Qafqazdakı nümayəndəsi ilə gələcək əməkdaşlığın prioritetlərini müzakirə edib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin yeni təyin olunmuş insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Süleymanova BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı və bu nüfuzlu beynəlxalq qurumla və onun regional ofisi ilə səmərəli əməkdaşlığın qurulduğunu, Bakıda və regionlarda bir neçə tədbirin keçirildiyini, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin bundan sonra da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Qonaq təmsil etdiyi ofisin insan hüquqlarının təbliği istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb, Azərbaycan ombudsmanının fəaliyyətinin əsas istiqamətləri ilə maraqlanıb.

Təsisatın yarandığı ilk dövrdən çevik və dinamik inkişaf yolu keçdiyi, özünü təsdiqlədiyi, Ombudsmanın əməli hüquq-müdafiə fəaliyyəti göstərməklə yanaşı, insanların hüquqlarının müdafiəsi və təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşməsi, vətəndaşların qəbulu və müraciətlərinin araşdırılması, əhalinin müxtəlif təbəqələri arasında hüquqi maarifləndirmə sahəsində apardığı iş, müvəkkilin ixtisaslaşmış müşavirlərinin və regional mərkəzlərinin fəaliyyəti diqqətə çatdırılıb.

Elmira Süleymanova BMT rəsmisinin Azərbaycan Ombudsmanının Universal Dövri İcmal (UDİ) üzrə təşkil olunmuş fəaliyyəti ilə bağlı sualını cavablandıraraq, bu barədə ətraflı məlumat verib, həmin fəaliyyətin beynəlxalq qurumlar tərəfindən müsbət təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb. O, 2009-cu ilin fevralında BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) Azərbaycanın ilk hesabatının dinlənildiyini və Şura tərəfindən bütövlükdə vəziyyətin müsbət dəyərləndirildiyini, eyni zamanda, ölkəmizə dair bir sıra tövsiyələr verildiyini, yaxın günlərdə dövlət qurumları və QHT-lərin iştirakı ilə aralıq hesabatın müzakirəsinin keçiriləcəyini bildirib.

Müvəkkil Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə hazırda UDİ üzrə aralıq hesabatın üzərində iş getdiyini diqqətə çatdırıb.

Gələcək əməkdaşlığın prioritetlərinin müzakirə olunduğu görüşdə Vladimir Şkolnikov ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, insan hüquqları sahəsində işin daha da təkmilləşdirilməsi ilə bağlı müvəkkilin təkliflərinin səmərəli olduğunu, əməkdaşlığının davam etdirilməsinin, informasiya mübadiləsinin zəruriliyini söyləyib və müvəkkilin təkliflərinin nəzərə alınacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti