...

Fərhad Abdullayev: Nikah müqaviləsi bağlanarsa, ərlə arvad arasında mübahisələrin sayı xeyli azalar

Cəmiyyət Materials 5 Oktyabr 2011 15:37 (UTC +04:00)
Nikaha girənlərə müvafiq nikah orqanları vasitəsilə nikah müqavilələrinin bağlanması bir qayda olaraq təklif edilməlidir.
Fərhad Abdullayev: Nikah müqaviləsi bağlanarsa, ərlə arvad arasında mübahisələrin sayı xeyli azalar

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Nikaha girənlərə müvafiq nikah orqanları vasitəsilə nikah müqavilələrinin bağlanması bir qayda olaraq təklif edilməlidir. Bunu çərşənbə günü Trend-ə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

"Bununla bağlı müvafiq prosedur qaydaları və izahlar aparılmalı, gələcəkdə ola biləcək problemlər açıqlanmalıdır. Tərəflər arasında belə müqavilə olduqda, ərlə arvad arasında yaranan əmlak və qeyri-əmlak mübahisələrinin sayı əhəmiyyətli dərəcədə azalmış olar", - Abdullayev vurğulayıb.

Onun sözlərinə görə, ailə dəyərlərinin qorunub saxlanması və bu institutun cəmiyyətdəki dayaqlarının möhkəmləndirilməsi günümüzün əhəmiyyətli problemlərindəndir.

Abdullayev bildirib ki, boşanmalar zamanı bir çox problemlər meydana çıxır və nikaha daxil olan şəxslər arasında nikah müqaviləsinin bağlanması nikah dövründə və ya nikah pozulduqda tərəflər arasında yarana biləcək əmlak və qeyri-əmlak mübahisələrinin hüquqi həlli baxımından səmərəli vasitədir.

KM sədri bildirib ki, qanunvericilikdə nikah müqaviləsinin məcburi bağlanması nəzərdə tutulmur.

Qanunvericilikdə şəxsin müqavilə azadlığının nəzərdə tutulduğunu deyən Abdullayev nikah müqaviləsi institutunun tətbiqinin geniş yayılmamasından təəssüflənir.

O, bu sahədə hüquqi maarifləndirmə işlərinin gücləndirilməsi, nikaha daxil olan şəxslər arasında nikah müqaviləsinin üstünlükləri ilə bağlı təbliğat işinin aparılmasını zəruri sayıb.

"Nikaha daxil olanlar və onların valideynləri belə məsələlərin nikah müqaviləsi vasitəsilə həll olunmasını çox zaman özlərinə sığışdırmırlar, belə addımları ailəyə gələcəkdə soyuqluq gətirə biləcək qədər qiymətləndirirlər. Əlbəttə, bu hissləri başa düşmək mümkündür. Lakin təcrübə göstərir ki, bir sıra hallarda həmin soyuqluqdan ehtiyat edən insanlar gələcəkdə məhkəmələrdə elə xırdaçılıqlara gedirlər ki, bunu da milli mentalitetə uyğunlaşdırmaq olduqca çətindir", - Abdullayev vurğulayıb.

Nikah müqaviləsi nikah dövründə və ya nikah pozulduqda, ərlə arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

Xəbər lenti

Xəbər lenti