Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir X.Murtuzayeva/
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) "Əl-Qaidə" lideri Üsamə ben Ladeni izləməkdə kömək edən həkim Şakil Afridi dövlətə xəyanətə görə məhkəməyə verilməlidir. Trend "İTAR-TASS" agentliyinə istinadən xəbər verir ki, belə nəticəyə terror şəbəkəsinin başçısının məhv edilməsi ilə bağlı ABŞ SQ-nin keçirdiyi hərbi əməliyyatları yoxlayan Pakistan komissiyası gəlib. Komissiyanın əməkdaşları həkimin günahkar olması ilə bağlı bütün sübutları toplaya biliblər.
Belə ki, Şamil Afridi ben Ladenin gizləndiyi şəhərdə onun DNT nümunəsini əldə etmək üçün qanunsuz peyvənd proqramı təşkil etdiyinə görə Pakistanın xüsusi xidmət orqanları tərəfindən həbs edilib.
Mayda, ben Laden qətlə yetirildikdən sonra KİV-də pakistanlı həkimin MKİ-nin tapşırığı ilə həyata keçirdiyi planla bağlı bəzi məqalələr dərc olunub. Afridi Abbotabada gələrək bəyan edib ki, hepatit B-yə qarşı pulsuz peyvənd aparmaq üçün pul əldə edib. O, bütün şəhərdə vaksinləşmə haqqında plakatlar asıb və martda ilkin vaksinləşmə aparıb. Daha çox həqiqətə uyğun olması naminə "layihəyə" yoxsul məhəllələrdən, məhz Nava-Şer məhəlləsindən başlanılıb.
Lakin bir aydan sonra qaydanın tələb etdiyi kimi, Nava-Şerdə ikinci dozanı paylamaq üçün həkim tibb bacısını ben Ladeninin yaşadığı Bilal-Tauna göndərib. Bu zaman həkimin DNT-ni necə əldə etdiyi məlum deyil. Britaniya qəzetləri ehtimal edirlər ki, ola bilsin, tibb bacısına peyvənddən sonra şprisə bir az qan çəkmək tapşırılıb.
Baxto adı ilə tanınan tibb bacısı peyvənd etmək üçün ben Ladenin evinə daxil ola bilir. Bəzi mənbələrin sözlərinə görə, küçədə gözləyən həkim ona özü ilə içərisində elektron qurğunun yerləşdirildiyi çanta götürməyi tapşırır. Bunun nə qurğu olduğu və tibb bacısının onu malikanədə qoyub-qoymadığı məlum deyil. MKİ-nin ben Ladeninin DNT-sini əldə etməyə nail ola bilib-bilmədiyi də məlum deyil. Mənbələrdən biri əməliyyatın baş tutmadığını deyib.
Afridi bir az sonra Pakistanın İdarələrarası Kəşfiyyat İdarəsi (ISI) tərəfindən Birləşmiş Şatatların kəşfiyyat agentləri ilə əməkdaşlıq etdiyinə görə həbs edilib. ABŞ İslamabadı onu azad etməyə çağırıb. Pakistanlı həkimin işi iki ölkənin kəşfiyyat strukturları arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. Afridinin dövlətə xəyanətdə günahı sübuta yetirilərsə, onu ölüm cəzası gözləyir.