...

“Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2011 17:00 (UTC +04:00)
Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" mövzusunda "dəyirmi masa" keçirib.
“Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" mövzusunda "dəyirmi masa" keçirib.

Trend-in məlumatına görə, tədbiri Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq bildirib ki, Azərbaycan QHT sektoru 20 il ərzində çətin, eyni zamanda, şərəfli bir inkişaf yolu keçib.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai sektorun inkişafına xüsusi diqqət yetirildiyini, bu məqsədlə BMT İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin birgə həyata keçirdiyi "Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi" proqramının rolunu qeyd edən Quliyev yerli QHT resurs mərkəzlərinin yaradılmasını və QHT qanunvericiliyinin möhkəmləndirildiyini vurğulayıb.

Quliyev 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsini və konsepsiya əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkə QHT-lərinin inkişafında yeni mərhələ açdığını və Şuranın dördillik fəaliyyəti ərzində 1000-dən çox QHT layihəsinə dövlət büdcəsindən 7,5 milyon manatdan artıq vəsait ayrıldığını bildirib.

Müzakirələrdə millət vəkilləri Məlahət İbrahimqızı, Çingiz Qənizadə, Fuad Muradov, tanınmış QHT rəhbərləri Telman Zeynalov, Mahizər Xəlilova, Umud Rəhimoğlu, Davud Rəhimov, Muğam Əliyev, İsrail İsgəndərov, Rauf Zeyni, Xanım Əhmədzadə, Sevgim Rəhmanov, Bəxtimşah Tağıyeva, Leyla Kərimova, həmçinin 1997-2003-cü illərdə BMT İnkişaf Proqramının məsul əməkdaşları olmuş Cəfər Cəfərov və Lütful Kəbir çıxış edərək Azərbaycan QHT-lərinin yaranma və inkişaf tarixi haqqında öz xatirə və fikirlərini bölüşüblər.

Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi "Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində" kitabının təqdimatı olub.

Kitab Azərbaycan qeyri-hökumət təşkilatlarının yaranmasında və inkişafında xüsusi xidmətləri olmuş nüfuzlu dövlət məmurları, Milli Məclis deputatları və tanınmış QHT rəhbərlərinin məqalə və müsahibələrindən ibarət topludur.

Təqdim olunan materiallarda QHT sektorunun formalaşması və inkişafının ayrı-ayrı mərhələləri təhlil edilib, 20 illik dövlət müstəqilliyi dönəmində bu sahədə əldə olunmuş nailiyyətlərə nəzər yetirilib.

Xəbər lenti

Xəbər lenti