...

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzinin 10 illik yubileyi qeyd olunub

Cəmiyyət Materials 16 Oktyabr 2011 02:38 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 10 illik yubileyi qeyd olunub.
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzinin 10 illik yubileyi qeyd olunub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 10 illik yubileyi qeyd olunub. Bu barədə Trend-ə şənbə günü Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Uşaqlar üçün Ümumdünya hərəkatı respublikamızda geniş vüsət almış, yüz minlərlə uşaq və gənci əhatə etmişdir. Artıq on ildir ki, müntəzəm fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) və bu qurumun Liderlik Məktəbi bunun bariz nümunəsidir.

Bu fikirlər Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) 10 illik yubiley tədbirində səslənmişdir.

Respublikamızın Dövlət Müstəqilliyinin 20-ci ildönümü ərəfəsində Ombudsmanın təşəbbüsü ilə keçirilmiş mərasimdə Milli Məclisin deputatları, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, beynəlxalq qurumların, QHT və KİV-lərin nümayəndələri, elm və incəsənət xadimləri, çoxsaylı təhsil işçiləri, uşaqlar və valideynlər iştirak etmişlər.

Mərasimdə qeyd olunmuşdur ki, tərkibinə yüz nəfərin daxil olduğu Azərbaycan nümayəndə heyətinin Haaqa Beynəlxalq Sülh Konfransında (1999) iştirakından sonra, hələ 2000-ci ildə, Minilliyin Sülh Günündə yaradılmış ölkəmizdə uşaq və gənclərin ilk müntəzəm birliyi olaraq ətrafına çoxsaylı bacarıqlı uşaqları toplamaqla hərəkata çevrilmiş, analoqu olmayan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) bu gün də uğurlu fəaliyyət göstərir.

Bu şəbəkə uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, ahəngdar inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.

Şəbəkənin prezidenti, bu uşaq təşkilatının vaxtilə ilk yetirmələrindən olmuş, Türkiyənin Bilkənd Universitetinin məzunu Fərid Dadaşov və Liderlik Məktəbinin üzvləri Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin təmsil olunduğu bu məktəbi 1000-dək məzunun bitirdiyini, "Azərbaycan - yurdum mənim!" devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və başqa sahələr üzrə bilgilər verildiyini, habelə insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyini qeyd etmişlər. Burada Azərbaycanın tanınmış ziyalılarının mühazirələr oxuduğu, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, onlara yurd məhəbbəti aşılanmasına, uşaqların fəal vətəndaşlar kimi yetişməsinə kömək etdiyi bildirilmişdir.

Şəbəkənin çoxşaxəli fəaliyyəti, paytaxtda və bölgələrdə həyata keçirilmiş müxtəlif layihələr, tədbirlər, maarifləndirici treninqlər və seminarlar barədə ətraflı məlumat verilmişdir. Şəbəkənin fəallarının ABŞ, Hollandiya, Fransa, Türkiyə, İsveçrə, Yaponiya, Çin, İngiltərə, İordaniya, Hindistan və digər xarici ölkələrdə uşaqların inkişafı ilə bağlı keçirilmiş qlobal tədbirlərdə ümumən Azərbaycan uşaqlarını və üzvü olduqları qurumu layiqincə təmsil etdikləri diqqətə çatdırılmışdır.

AUGSŞ-in on illik fəaliyyətini əks etdirən film nümayiş etdirilmiş, uşaqlar şerlər oxumuş, mahnı və rəqslər ifa etmişlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu əlamətdar yubiley münasibətilə iştirakçıları təbrik etmiş, E.Süleymanovanın hələ on il əvvəl yaratdığı, bir ana qayğısı ilə pərvazlandırdığı bu uşaq təşkilatının ildən-ilə təkmilləşərək uşaq hüquqları sahəsində mükəmməl bir quruma çevrildiyini, hazırda Ombudsmanın uşaq hüquqları sahəsində resurs mərkəzi kimi çox böyük uğurlara imza atdığını vurğulamışdır. O, rəhbərlik etdiyi komitə ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, uşaq hüquqları sahəsində birgə tədbirlərin keçirildiyini söyləmişdir.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri M.Herevard yaxşı bələd olduğu AUGSŞ-in fəaliyyətinin uşaqların digər hüquqları ilə yanaşı, iştirak hüququnun da həyata keçirilməsinin bariz nümunəsi olduğunu söyləmişdir. O, bu şəbəkənin böyük uğurları ilə seçilən yetirmələrinin müasir düşüncəli gənclər olaraq ictimai həyatda fəal iştirakını, öz həmyaşıdlarına hüquqi biliklərin aşılanmasında köməyini yüksək dəyərləndirmişdir.

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Vaqif Abbasov, Azərbaycan Qadın və İnkişaf Mərkəzinin rəhbəri Pərvin Məmmədova, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov, Ombudsmanın Ahıllar resurs mərkəzinin rəhbəri Şövkət Xanməmmədova və başqaları çıxış edərək şəbəkənin fəaliyyəti barədə danışmışlar.

Ombudsman iştirakçıları Azərbaycanın tarix salnaməsinə xalqımızın öz dövlət müstəqilliyini, milli azadlığını əldə etdiyi əlamətdar hadisə kimi daxil olmuş Dövlət Müstəqilliyinin iyirmi illiyi və şəbəkənin yubileyi münasibətilə təbrik etmişdir. O, ölkəmizin dövlətçiliyinin dərin köklərə malik olduğunu, ikinci dəfə öz müstəqilliyinə qovuşduğunu vurğulamış, aparılan məqsədyönlü, ardıcıl və davamlı inkişaf siyasəti sayəsində respublikamızın daha da qüdrətlənməsi, insan hüquqları və azadlıqlarının bərqərar olunması, iqtisadiyyatı, təhsili və səhiyyəsində, zəngin mədəniyyətimizin inkişafında, milli mənəvi dəyərlərimizin qorunmasında böyük uğurlar əldə edildiyini diqqətə çatdırmışdır. Uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın, habelə şəbəkənin çoxşaxəli fəaliyyəti barədə məlumat verilmişdir.

Tədbirdə "Dədə Qorqud" Milli Fondunun rəhbəri və "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov adı çəkilən fondun Ali Şurasının qərarı ilə professor E.Süleymanovaya ictimai-siyasi fəaliyyətinə, insan hüquqları, o cümlədən uşaq hüquqları, cəmiyyətdə qadın və ailə məsələləri üzrə səmərəli çalışmalarına, xalqlar arasında dostluq, sülh və əmin-amanlıq, dövlətçiliyimizin yüksəlişi naminə səylərinə, elm və mədəniyyətin inkişafında xidmətlərinə görə "Mehriban ana" ordenini təqdim etmişdir.

Xəbər lenti

Xəbər lenti