Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda daha 3 ali təhsil müəssisəsi - Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universiteti akkreditasiyadan keçib. Təhsil Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Akkreditasiya Şurasının bu gün keçirilən növbəti iclasında hər üç məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub.
İclasda təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə adıçəkilən məktəblərdə keçirilmiş akkreditasiyanın nəticələri barədə danışılıb.
Misir Mərdanov hər üç ali təhsil müəssisəsində aparılmış araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə bir sıra məsələlərin həlli ilə bağlı lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda, təhsil naziri Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb.
Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.
Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.
Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.