...

Xəzərdə nərəkimilərin ovuna qadağa qoyulması ilə bağlı müzakirələrin keçiriləcəyi tarix açıqlanıb

Cəmiyyət Materials 19 Oktyabr 2011 17:49 (UTC +04:00)
Xəzərdə nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması ilə əlaqədar 5 Xəzəryanı ölkənin müvafiq qurumlarının növbəti görüşünün dekabrın I ongünlüyündə Bakıda keçiriləcəyi gözlənilir.
Xəzərdə nərəkimilərin ovuna qadağa qoyulması ilə bağlı müzakirələrin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Xəzərdə nərəkimilərin sənaye ovuna moratoriumun qoyulması ilə əlaqədar 5 Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın müvafiq qurumlarının növbəti görüşünün dekabrın I ongünlüyündə Bakıda keçiriləcəyi gözlənilir.

Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş məsləhətçisi, Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvü Tariyel Məmmədli deyib.

Onun sözlərinə görə, nərəkimilərin sənaye ovuna qadağa qoyulması ilə bağlı razılıq əldə edilsə də, bu məsələ hələ sənədləşdirilməyib.

Məmmədli qeyd edib ki, sənəd rəsmi şəkildə hələ təsdiqlənməsə də, Xəzəryanı ölkələr 2010 və 2011-ci illərdə Xəzərdə balıq ovunu könüllü şəkildə yalnız elmi-tədqiqat və balıq artırma məqsədilə aparıblar, sənaye ovu isə olmayıb.

Xəzərin Su Bioresursları Komissiyasının daimi üzvünün sözlərinə görə, moratoriumun 5-10 il müddətinə qoyulması nəzərdə tutulur.

Xəzərin Su Bioresursları Komissiyası 5 Xəzəryanı ölkə arasında milli ov kvotalarının bölünməsini müəyyənləşdirir, eyni zamanda, CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimilərin ət və kürüsünün ixrac kvotaları miqdarını təyin edir.

Xəbər lenti

Xəbər lenti