...

AMEA: Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç bir təsiri yoxdur

Cəmiyyət Materials 24 Oktyabr 2011 11:32 (UTC +04:00)
Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç bir təsiri yoxdur.
AMEA: Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç bir təsiri yoxdur

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Türkiyədə baş verən zəlzələnin Azərbaycandakı seysmik duruma heç bir təsiri yoxdur. Bunu bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, dünəndən bu günə kimi Türkiyə ərazisində 200-dək təkanlar olub. Amma onların heç birinin təsiri Azərbaycanda hiss edilməyib.

Yetirmişli hazırda Azərbaycanda seysmoloji vəziyyətin normal olduğunu və heç bir naharatcılığa səbəb olmadığını söyləyib.

"Azərbaycanda hiss olunmayan ən zəif təkanlar qeydə alınır. Bunların olması qaydayauyğundur", - Yetirmişli əlavə edib.

Türkiyənin Van əyalətində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 217 nəfərə çatıb, 1090 nəfər yaralı var. Trend-in məlumatına görə, bu barədə açıqlamasında Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib.

Erciş şəhərində zəlzələdə 117 nəfərin öldüyü bildirilir, daha 100 nəfər isə Van şəhərində həlak olub.

Şahin yaralı sayının Vanda 350, Ercişdə 740 nəfər olduğunu açıqlayıb.

Dünən Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3,5-3,0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti