...

DİN: Azərbaycanda əsasən məktəbəqədər yaşlı uşaqlar dilənçiliyə cəlb olunur

Cəmiyyət Materials 27 Oktyabr 2011 14:16 (UTC +04:00)
Azərbaycanda bu ilin 9 ayında uşaqların valideynləri tərəfindən dilənçiliyə cəlb olunması ilə bağlı 400-ə yaxın fakt aşkarlanıb.
DİN: Azərbaycanda əsasən məktəbəqədər yaşlı uşaqlar dilənçiliyə cəlb olunur

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 9 ayında uşaqların valideynləri tərəfindən dilənçiliyə cəlb olunması ilə bağlı 400-ə yaxın fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev cümə axşamı Trend-ə bildirib ki, dilənçiliyə cəlb olunan uşaqların əksəriyyəti məktəbəqədər yaşlı uşaqlardır.

Şöbə rəisi deyib ki, daxili işlər orqanları tərəfindən qeydə alınan faktların böyük qismi uşaqların təkrar dilənçiliyə cəlb olunması ilə bağlıdır.

İmamverdiyev bildirib ki, uşaqların dilənçiliyə cəlb olunması faktları daha çox Bakıda və böyük şəhərlərdə - Gəncədə və Yevlaxda qeydə alınıb.

Onun sözlərinə görə, uşaqlarını dilənçiliyə cəlb edən valideynlər barəsində inzibati cəza tədbirləri tətbiq olunur.

"Bu ilin 9 ayında 170-ə yaxın valideyn inzibati məsuliyyətə cəlb olunub. Qadınlara məhkəmə tərəfindən xəbərdarlıq edilib, onlar cərimə olunublar, kişilər isə inzibati qaydada həbs ediliblər", - şöbə rəisi deyib.

İmamverdiyev bu il ərzində uşaq əməyinin istismarı, onların məcburi əməyə cəlb olunması ilə bağlı faktların qeydə alınmadığını bildirib.

Onun sözlərinə görə, bu il ərzində uşaqların qeyri-qanuni əməklə məşğul olma halları qeydə alınıb.

"İaşə obyektlərinin rəhbərləri ilə əldə olunan razılıq əsasında, heç bir müqavilə bağlanılmadan uşaqlar müəyyən işlərdə - yeməkxana və çayxanalarda, avtobuslarda müəyyən xidmətlərlə qanunsuz məşğul olurlar", - şöbə rəisi deyib.

İmamverdiyev bildirib ki, aşkar olunan belə faktlar sənədləşdirilir, fiziki və hüquqi şəxslər barədə tədbirlər görülməsi üçün rayon, şəhər icra hakimiyyətlərindəki müvafiq komissiyalara və ərazi vergi müfəttişlərinə göndərilir.

Şöbə rəisi bu il ərzində 70 belə fakt üzrə müvafiq qurumlara müraciət olunduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti