...

Azərbaycanda qadınlar üçün nikah yaşının qaldırılması sosial sifarişdir – millət vəkili

Cəmiyyət Materials 1 Noyabr 2011 14:07 (UTC +04:00)
Azərbaycanda əksər ailələr qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılmasının tərəfdarıdır.
Azərbaycanda qadınlar üçün nikah yaşının qaldırılması sosial sifarişdir – millət vəkili

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əksər ailələr qadınlar üçün nikah yaşının 17-dən 18-ə qaldırılmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çərşənbə axşamı jurnalistlərə deyib.

"Ailə quracaq qız gərək məktəbi bitirsin, fizioloji, bioloji cəhətdən hazır olsun", - o deyib.

Komitə sədrinin sözlərinə görə, dünyanın 135 ölkəsində nikaha məhz 18 yaşdan icazə verilir.

Cəmiyyətdə bununla bağlı mövcud olan bəzi narazılıqlara münasibət bildirən Rəcəbli deyib ki, qanun yaradıcılığı bir az ağrılı prosesdir.

"İlk vaxtlar qanunu qəbul etmək istəmirlər, lakin bir müddət sonra onun nə qədər vacib və lazımlı olmasını görürlər", - millət vəkili qeyd edib.

Milli Məclisdə Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə görə qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılır.

Həmçinin qadını nikaha daxil olmağa məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Cinayət Məcəlləsinə qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan 176-1-ci maddə əlavə olunması təklif edilir.

Həmin maddə qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti