...

İordaniyada Azərbaycanın ali məktəbləri üçün sərgi keçiriləcək

Cəmiyyət Materials 14 Noyabr 2011 14:57 (UTC +04:00)
Gələn ilin aprel-may aylarında İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycanın ali təhsil müəssisələri üçün sərgi keçirilməsi nəzərdə tutulur.
İordaniyada Azərbaycanın ali məktəbləri üçün sərgi keçiriləcək

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir İ.İsabalayeva/

Gələn ilin aprel-may aylarında İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycanın ali təhsil müəssisələri üçün sərgi keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı ilə bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri xanım Rovaida Al-Maaitahla görüşü zamanı müzakirə edilib. Görüşdə nazir Azərbaycanın Təhsil Nazirliyi tərəfindən bu sərginin yüksək səviyyədə keçirilməsi üçün hər cür kömək göstəriləcəyini bildirib.

Görüşdə xanım Al-Maaitah hər iki tərəf üçün münasib olan vaxtda Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Daha sonra nazir 23-26 noyabr 2011-ci il tarixlərində Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologoya üzrə Daimi Komitəsinin (COMSTECH) İcrayyə Orqanının iclasında İordaniya Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibi Mustafa Al Advanın iştirak edəcəyini bildirib. İki ölkənin elm və təhsil sahələrində əlaqələrinin daha da inkişaf etdirilməsi nəyyəti ilə Al Advanın səfər çərçivəsində Azərbaycanın Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Diplomatik Akademiyasında görüşlər keçirəcəyi qeyd edilib.

Görüşdə Bakı Dövlət Universiteti ilə İordaniya Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Nazir bununla bağlı adıçəkilən universitetlar arasında imzalanması nəzərdə tutulmuş qarşılıqlı anlaşma memorandumu layihəsinin İordaniya tərəfindən artıq müzakirə edildiyini bildirib. O, sənədi imzalamaq üçün Azərbaycan tərəfindən nümayəndə heyətini qəbul etməyə hazır olduqlarını da deyib.

Xəbər lenti

Xəbər lenti