...

Yol polisi anomal hava şəraiti ilə bağlı Bakıda təhlükəli olan yolları göstərib

Cəmiyyət Materials 24 Noyabr 2011 15:31 (UTC +04:00)
Yol polisi Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yollarını göstərib.
Yol polisi anomal hava şəraiti ilə bağlı Bakıda təhlükəli olan yolları göstərib

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

Yol polisi Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin təhlükəli olan yollarını göstərib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

"Şamaxinka" kimi taninan ərazi, 20 Yanvar dairəsi, Mikayıl Müşfiq dairəsindən Badamdar qəsəbəsi istiqamətinə, Mətbuat, İnşaatçılar, Tbilisi prospektləri və ümumiyyətlə Yasamal rayonunun dağlıq ərazisinə düşən əksər enişli-yoxuşlu və sərt yollarda vəziyyət tam təhlükəlidir", - Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bu saata qədər Bakı şəhər üzrə maddi zərərlə nəticələnən 6 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bunlar Yasamal rayonunun yüksək ərazisində, sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığından, avtomobilləri sürüşərək biri-biri ilə toqquşması nəticəsində baş verib. Əsədov deyib ki, yol-nəqliyyat hadisələrində xəsarətlə bağlı məlumat daxil olmayıb.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Əsədov bildirib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər istifadə etməməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti