Azərbaycan, Bakı, 24 noyabr /Trend
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "2011-ci ildə əlillərin sosial müdafiəsilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı" çərçivəsində keçirilən Əlillərin stolüstü idman növləri (şahmat, dama, nərd və armrestlinq) üzrə III Ümumrespublika yarışları noyabrın 23-də başa çatıb.
Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ilk mərhələdə 1100 nəfərdən artıq əlilin iştirakı ilə oktyabr ayının 4-20-si tarixlərində respublikanın 10 bölgəsində keçirilən zona turnirlərində 71 nəfər əlil idmançı final yarışında iştirak etmək hüququ qazanıb. Onlardan 20 nəfəri Qarabağ, 4 nəfəri Çernobıl, 3 nəfəri hərbi xidmət, 1 nəfəri uşaqlıqdan, 38 nəfəri ümumi səbəbdən əlil, 5 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqdır.
Final görüşlərində respublikanın şəhər və rayonlarından şahmat növündə 15 nəfər kişi, 3 nəfər qadın, dama növündə 14 nəfər kişi, 3 qadın, nərd növündə 17 nəfər və armrestlinq növündə 19 nəfər güclərini sınayıblar.
Yarışların qalibləri olan 22 nəfər əlilə mükafatlar, həmçinin yarışlarda iştirak edən 5 nəfər sağlamlıq imkanları məhdud uşağa həvəsləndirici mükafatlar verilib.