...

QİÇS-lə mübarizə üzrə Qlobal Fond böhran səbəbindən xərclərini dondurub

Cəmiyyət Materials 28 Noyabr 2011 14:12 (UTC +04:00)
QİÇS, Vərəm və Malyariya ilə Qlobal Mübarizə Fondu özünün dotasiya proqramlarını müvəqqəti dondurduğunu bəyan edib.
QİÇS-lə mübarizə üzrə Qlobal Fond böhran səbəbindən xərclərini dondurub

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir X.Murtuzayeva/

QİÇS, Vərəm və Malyariya ilə Qlobal Mübarizə Fondu özünün dotasiya proqramlarını müvəqqəti dondurduğunu bəyan edib. Fond yaxın üç il ərzində, yəni 2014-cü ilədək yeni qrantlar verməyəcək və yeni şirkətlərə sponsorluq etməyəcək. Trend-in məlumatına görə, bu barədə "The Telegraph" qəzeti yazır.

Belə qərarın başlıca səbəbi dünya iqtisadiyyatındakı böhrandır. Bəzi ölkələr, o cümlədən İtaliya maliyyə problemləri üzündən fonda üzvlük haqqı verməkdən imtina edib.

Lakin başqa bir versiyaya görə, fondun problemi onun korrupsiyada günahlandırılması ilə bağlıdır. Təşkilatın rəhbərliyi əməkdaşların vəsaitləri oğurlaması ilə bağlı aşkarlanmış hallara görə təsərrüfatsızlıqda ittiham edilir.

Daxili araşdırmalar 73 milyon dollarlıq dələduzluq faktını aşkara çıxarıb. Bu, bəzi donor ölkələri, o cümlədən Almaniya, İsveç və Danimarkanı fonda üzvlük haqqı ödəməyi dayandırmağa və strukturda islahatlar aparılması tələbi ilə çıxış etməyə vadar edib.

Yaxın vaxtlarda fondda ciddi ixtisarlar gözlənilir. Yeri gəlmişkən, ekspertlər fondun qəbul etdiyi qərarın nəticələrindən narahatdırlar. Bu qərar, ilk növbədə, yoxsul ölkələrdəki, xüsusilə də Afrikadakı xəstələrə ciddi təsir edəcək.

Qrant almaq hüququndan, həmçinin Rusiya, Çin, Meksika və Argentina da məhrum olub. Fondda onların kifayət qədər varlı olduğu və səhiyyə sahəsindəki proqramları sərbəst şəkildə maliyyələşdirmək iqtidarında olduqlarını güman edirlər.

Xəbər lenti

Xəbər lenti