...

Azərbaycan idmançısına "İlin ən yaxşı boksçusu" mükafatı verilib

Cəmiyyət Materials 28 Noyabr 2011 17:26 (UTC +04:00)
Londonda keçirilən Olimpiya Oyunlarına test xarakterli turnirin gedişində milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova "İlin ən yaxşı boksçusu" mükafatı verilib.
Azərbaycan idmançısına "İlin ən yaxşı boksçusu" mükafatı verilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir B.Hacıyev/

Londonda keçirilən Olimpiya Oyunlarına test xarakterli turnirin gedişində milli komandamızın üzvü Məhəmmədrəsul Məcidova "İlin ən yaxşı boksçusu" mükafatı verilib. Mükafatı boksçumuza AİBA prezidenti Çinq Ko Vu təqdim edib. Beynəlxalq Boks Federasiyasının rəsmi saytında superağır çəkili idmançımız haqqında yazı yer alıb.

Azərbaycan Boks Federasiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, "Məcidov dünyanın ən yaxşıları sırasında" adlı məqalədə Azərbaycanın dünya çempionatları tarixində 2-ci qızıl medal alması qeyd olunub: "Ağası Məmmədovun 2003-cü ildə Banqokdakı uğurundan sonra Azərbaycan növbəti qızıl medalı 8 il gözləməli oldu".

"Məhəmmədrəsul Məcidov 27 aprel 1986-cı ildə Dağıstanda dünyaya göz açıb. Buna qədər Mahaçqaladan Albert Səlimov və Artur Beterbiyev kimi dünya çempionları çıxmışdı. Məcidovun beynəlxalq arenadakı ilk böyük uğuru 4 il əvvələ təsadüf edib. Boksçu 2007-ci ildə Umaxanovun xatirəsinə həsr olunmuş ənənəvi turnirdə bürünc medala layiq görülüb. Rusiyada böyük rəqabət olduğundan bu ölkənin milli komandasına düşmək olduqca çətindir. Məcidov 3 il öncə Rusiya çempionatında iştirak etsə də, birinci mərhələdə Maksim Babaninə məğlub olub. Buna baxmayaraq, o, daha sonra 3 beynəlxalq turnirdə mübarizə apararaq, mükafatçılar sırasına düşməyi bacarıb. Məcidov 2009-cu ildə Bakıda keçirilən "Böyük İpək Yolu" beynəlxalq turnirində yarımfinalda qazaxıstanlı İvan Dıçkoya uduzaraq bürünc medala sahib olub. Atırau şəhərində təşkil olunmuş Utemisovun memorialında da o, 3-cü nəticə göstərib. Növbəti Umaxanov turnirində isə Məhəmmədrəsul artıq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə hazırda "Baku Fires"in heyətində çıxış edən Hacı Murtuzəliyev üzərində inamlı qələbə qazanıb", - məqalədə deyilir.

Məqələdə qeyd olunur ki, Məcidov WSB liqasında çıxış edərək öz dözümlülüyünü və fiziki hazırlığını artırmaq imkanı əldə edib. Liqanın ilk mövsümündə 7 görüşdə qalib gələn boksçu yalnız mayda Çində keçirilən fərdi yarışlarda italiyalı Klemente Russoya cüzi üstünlüklə uduzub - 66:67. Avqustda milli komandanın heyətində təlim-məşq toplanışına qatılan idmançı yığmanın digər üzvləri ilə birgə Rusiyada hazırlıq keçib. Məcidov Bakıdakı dünya çempionatına iki asan qələbə ilə başlayıb. O, özbəkistanlı Sərdor Abdullayev və kolumbiyalı İsayasa Menunu nokautla məğlub edib. Məhəmmədrəsulun gənclər arasında sabiq dünya çempionu kubalı Savon üzərində də qələbəsi parlaq alınıb. Azərbaycan yığmasının üzvü yarımfinalda vaxtilə uduzduğu İvan Dıçkonu 16:9 hesabı ilə üstələyib. Onun finaldakı rəqibi ingilis idmanının yeni ulduzu Entoni Coşua idi. 22:21 hesabı ilə qalib gələn Məcidov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçuya qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib və Məcidovun qələbəsini yüksək qiymətləndirib. "Azərbaycan idmançısının növbəti hədəfi London Olimpiadasında da uğur qazanmaq olacaq", - məqalədə bildirilir.

"Bü mükafatı almaq mənim üçün böyük şərəfdir. Ancaq mən bundan sonra daha məsuliyyətli olmalıyam. Mənə göstərilən etimadı doğrultmalıyam. Gələn il əsas yarış Olimpiya Oyunları olacaq. Planetin ən böyük yarışında da uğur qazanmağa çalışacağam", - Məcidovun mükafatlandırma mərasimindən sonra deyib.

Xəbər lenti

Xəbər lenti