...

İranda qadınlar arasında QİÇS-ə yoluxma halları artıb

Cəmiyyət Materials 30 Noyabr 2011 16:32 (UTC +04:00)
İranda qadınlar arasında QİÇS-ə yoluxma halları artıb. Bunu İranın Səhiyyə Nazirliyinin QİÇS xəstəlikləri idarəsinin rəhbəri Abbas Sədaqət deyib.
İranda qadınlar arasında QİÇS-ə yoluxma halları artıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir T.Cəfərov/

İranda qadınlar arasında QİÇS-ə yoluxma halları artıb. Bunu İranın Səhiyyə Nazirliyinin QİÇS xəstəlikləri idarəsinin rəhbəri Abbas Sədaqət deyib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

"2010-cu ildə QİÇS xəstəliyinə yoluxan qadınların sayı 1986-cı ildən 2010-cu ilədək bu xəstəliyə yoluxan qadınların sayından çoxdur. Bu da qadınlar arasında QİÇS xəstəliklərinin artdığını göstərir", - Sədaqət bildirib.

Sədaqət deyib ki, 2011-cu ilin əvvəlinədək olan göstəriciyə görə, ümumilikdə ölkədə 85 min QİÇS-ə yoluxmuş insan var. "Cari ilin iyun ayınadək 23 125 QİÇS-ə yoluxmuş insan nəzarətə götürülüb ki, onlardan 91,5 faizi kişi və 8,5 faizi qadındır", - Sədaqət deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən 4311-i vəfat edib, 3054 nəfərdə isə QİÇS xəstəliyi ən ağır vəziyyətdədir.

Sədaqət deyib ki, QİÇS-ə yoluxanların 46,5 faizi əsasən 25-34 yaşlı gənclərdir.

İran Səhiyyə Nazirliyinin statistikasına əsasən, 2011-ci ilin iyun ayınadək xəstələrin 69,8 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etməklə, 1,1 faizi qanköçürmə yolu ilə, 10 faizi cinsi əlaqə ilə, 0,8 faizi anadan uşağa keçməklə, 18,3 faizi isə səbəbi bilinməyən yollarla QİÇS-ə yoluxublar.

İranın AİDS ilə mübarizə komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması haqqında xəbərdarlıq edib. Komitə elan edib ki, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 24 minə yaxını aşkar edilib. İranda 2011-ci ilin iyun ayınadək QİÇS-ə yoluxmuş 4311 nəfər vəfat edib.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə HİV-ə yoluxanların sayı kəskin artıb.

Hər il dekabr ayının 1-i dünyada QİÇS ilə mübarizə günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti