...

Nazir müavini: Fövqəladə Hallar Nazirliyinin qadın əməkdaşları hadisələrin qarşısının alınmasında yaxından iştirak edir (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2011 16:31 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin qadın əməkdaşları ölkə ərazisində baş verən fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir.
Nazir müavini: Fövqəladə Hallar Nazirliyinin qadın əməkdaşları hadisələrin qarşısının alınmasında yaxından iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Fövqəladə Hallar Nazirliyinin qadın əməkdaşları ölkə ərazisində baş verən fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir. Trend-in məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə cümə günü nazirlikdə qadınların mülki müdafiədə roluna həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan FHN sistemində 1616 qadın əməkdaş çalışır ki, bunlardan 709-u hərbi və xüsusi rütbəli vəzifələrdə fəaliyyət göstərir.

"Fövqəladə hadisələrin vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında FHN-in peşəkar kadr potensialı var", - o bildirib.

Tağızadənin sözlərinə görə, insanların və ətraf mühitin təhlükəsizliyinin təmin olunması üçün çətin, lakin şərəfli vəzifənin məsuliyyətini dərindən başa düşərək, nazirliyin qadın əməkdaşları öz fəaliyyətlərində daim müsbət keyfiyyətləri ilə seçilirlər. "Nazirliyin Aparatı və müvafiq qurumlarında çalışan qadın əməkdaşlar üzərilərinə düşən vəzifələri hər zaman vicdanla yerinə yetirirlər", - o bildirib.

Tədbirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibinin müavini Vladimir Kuvşinov bildirib ki, 1935-ci ildə yaradılan BMMT 2011-ci ili qadınların mülki müdafiədə roluna həsr edib. O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində xilasedici hissəyə baş çəkib və orada peşəkar dağadırmanan, dalğıc və idmançı qadınların işlədiyinin şahidi olub. Kuvşinov bildirib ki, Azərbaycan FHN-də çox bacarıqlı qadınlar işləyir.

Tədbirdə FHN-in bir sıra əməkdaşları, həmçinin, millət vəkilləri Qənirə Paşayeva, Gülçöhrə Məmmədova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMMT-nin medalları ilə təltif olunublar.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan qadınlarına verilən qiyməti yüksək qiymətləndirib. Paşayeva qeyd edib ki, beynəlxalq yarışlardan medallarla qayıdan qadınlarımız Azərbaycanın fəxridir.

"Bir millətin gələcəyi onun qadınlarının inkişafından çox asılıdır. Qadın kişi ilə çiyin-çiyinə inkişaf etmirsə, cəmiyyət, dövlət də varlığını davam etdirə, inkişaf edə bilməz. Sevindirici haldır ki, bu gün Azərbaycanda məhz qadınların cəmiyyətdə rolunun genişləndirilməsi siyasəti həyata keçirilir", - o bildirib.

Millət vəkilinin sözlərinə görə, Türkiyədə səfərdə olduğu zaman hər kəs Azərbaycan FHN əməkdaşlarının Vanda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi peşəkarlıqdan danışıb. O qeyd edib ki, Rusiyada ötən il baş verən yanğınlar zamanı da Azərbaycan FHN əməkdaşları yaxından iştirak edib.

Xəbər lenti

Xəbər lenti