Azərbaycan, Bakı, 12 dekabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycan Turizm İnstitutunda ümummilli lider Heydər Əliyevin anım mərasimi münasibətilə "Şəxsiyyət və zaman" mövzusunda "dəyirmi masa" keçirilib.
İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, ATİ-nin turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin vəfatının təkcə bir dövlətin hüznü olmadığını bildirib. O deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdışının ikinci dövründə Azərbaycan xalqını bəlalardan qoruyan, məhv olma təhlükəsindən xilas edən böyük şəxsiyyətdir.
"Bu dahi insan canı qədər sevdiyi vətənini sağlamlığı bahasına qoruyub, yenidən qurub və inkişaf etdirib. Onun böyük əməlləri millətimiz üçün örnək və nümunədir", - Nəsirli deyib.
ATİ-nin prorektoru Eldar Aslanov Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bir sıra görüşlərin iştirakçısı olduğunu bildirib.
O, Heydər Əliyevin təhsilə və elmə göstərdiyi böyük qayğıdan danışıb. Aslanov qeyd edib ki, 1969-82-ci illəri əhatə edən dövrdə turizmin inkişafı ilə bağlı sənəd və təkliflərin xronoloji ardıcıllıqla toplanması və xüsusi buraxılışda çapı ATİ kollektivinin ulu öndərin 90 illik yubileyinə töhfəsi olacaq.
Tədbirdən sonra ATİ-nin müəllim və tələbələri ulu öndərin məzarını ziyarət ediblər.