...

Trend BİA Banqkokda OANA-nın yubiley iclasında iştirak edir (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2011 11:09 (UTC +04:00)
OANA regionda demokratik cəmiyyət quruculuğunun dəstəklənməsində mühüm rol oynayır və təşkilata üzv olan 33 ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yardım edir.
Trend BİA Banqkokda OANA-nın yubiley iclasında iştirak edir (FOTO)

Tailand, Banqkok, 14 dekabr / Trend, müxbir E.Hüseynov /

OANA regionda demokratik cəmiyyət quruculuğunun dəstəklənməsində mühüm rol oynayır və təşkilata üzv olan 33 ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yardım edir. Trend-in məlumatına görə, bu barədə YUNESKO-nun Tailanddakı nümayəndəliyinin direktor müavini Etyen Klement Banqkokda Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) yubiley iclasının açılışında bildirib.

Klemen xatırladıb ki, 1961-ci ildə OANA məhz YUNESKO-nun dəstəyi ilə yaradıldı və bu gün təşkilatın 33 üzvü arasında xəbər mübadiləsi üzrə peşəkar əlaqə, texniki dəstək, eləcə də multimedia kontenti regionda çox vacib rol oynayır.

OANA-nın yeni prezidenti Kamal Öztürk qurumun bütün üzvlərini yubiley münasibətilə təbrik edib və Asiya və Sakit okean regionundakı mass-media arasında səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib. O, münaqişələrin, zorakılıq aktlarının və təbii fəlakətlərin işıqlandırılması zamanı foto və videomaterialların nəşri məsələsinə xüsusi diqqət ayırmağa çağırıb.

Öztürk bildirib ki, onun rəhbərlik etdiyi Türkiyənin "Anadolu" agentliyi bu cür xahiş məktubu ilə lider OANA, EANA və FANA kimi təşkilatlara daxil olan mass-medialara müraciət edib. OANA prezidenti təşkilatın üzvlərinin "Anadolu"nun bu məsələ ilə bağlı xüsusi bəyannamə qəbul edilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.

Tailandın xarici işlər naziri Suraponq Toviçakçaykul (Surapong Tovichakckaikul) OANA üzvlərini 50 illik yubiley münasibətilə təbrik edib və yubileyin Tailand kralının ad günü ilə eyni günə təsadüf etdiyini bildirib. Nazirin sözlərinə görə, OANA regionda informasiya mübadiləsi azadlığını təmin edir ki, bu da çox vacibdir.

Tailandın ТНА agentliyinin və bu ölkənin MCOT ictimai qurumunun təşkilatçısı olduğu OANA-nın iclası dekabrın 15-dək davam edəcək.

İclasda Trend BİA-nın baş direktorunun beynəlxalq əlaqələr üzrə müavini Elçin Hüseynov iştirak edir.

Yubiley çərçivəsində OANA-nın 21-ci əsrdəki fəaliyyəti və vəzifələrinə həsr edilmiş iki "dəyirmi masa" keçiriləcək.

Müzakirələrin yekunu olaraq OANA-nın 50 illiyinə həsr olunmuş etik tövsiyələr haqqında Bəyannamənin qəbul ediləcəyi gözlənilir. Bəyannamə layihəsi OANA-nın fəaliyyətdə olan prezidenti - Türkiyənin Anadolu agentliyi tərəfindən hazırlanıb. Bəyannamə müharibələrin, münaqişələrin, terror və təbii fəlakətlərin işıqlandırılması ilə bağlı rəhbər redaksiya prinsiplərindən ibarət olacaq.

OANA 1961-ci il dekabrın 22-də YUNESKO-nun təşəbbüsü ilə Banqkokda Asiya milli agentliklərinin konfransında yaradılıb. Təşkilatın nizamnaməsinə əsasən, OANA-nın məqsədi Asiya və Sakit okean ölkələri arasında informasiya mübadiləsini genişləndirmək və sadələşdirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında informasiya axınında qeyri-bərabərliyin ləğvində iştirakdır.Təşkilata Asiya və Sakit okean regionunun 33 ölkəsindən 40-dan çox agentlik daxildir.Təşkilatın üzvləri arasında Rusiyanın İTAR-TASS, Türkiyənin "Anadolu", Yaponiyanın "Kyodo News", Çinin "Xinhua", İranın IRNA, Səudiyyə Ərəbistanının SPA, Koreyanın "Yonhap", Pakistanın PPI və APP, Qazaxıstanın "Kazinform", İndoneziyanın ANTARA və b. agentliklər var. Trend BİA OANA-ya 2010-cu ilin noyabrında İstanbulda təşkilatın XIV Baş Assambleyasında tamhüquqlu üzv olub.

Xəbər lenti

Xəbər lenti