...

Bakı məktəblərində bayram tədbirlərinin keçirilməsi məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 16 Dekabr 2011 15:13 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərində bayram tədbirlərinin keçirilməsinə qadağa qoyulmasını mümkünsüz sayır.
Bakı məktəblərində bayram tədbirlərinin keçirilməsi məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 16 dekabr / Trend müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın orta məktəblərində bayram tədbirlərinin keçirilməsinə qadağa qoyulmasını mümkünsüz sayır.

Trend-in məlumatına görə, BŞTİ-nin rəisi Nailə Rzaquliyeva "Xalq" qəzetinə müsahibəsində deyib ki, bu gün məktəblərdə müəllimlərin böyük əksəriyyəti qadınlardır.

"O da həqiqətdir ki, öz müəllimini anası qədər sevən şagirdlərimiz minlərlə, on minlərlədir. İndi biz hansı məktəbə qadağa qoya bilərik ki, 8 Mart Qadınlar Günü münasibətilə bayram tədbiri, "Məzun günü", yaxud da digər bu kimi əlamətdar günlərdə tədbirlər təşkil edilməsin. Bu, mümkün deyil", - idarə rəisi qeyd edib.

O bildirib ki, BŞTİ sadəcə məktəblərdə əvvəllər az qala ənənə şəklini almış, şagirdlərin psixologiyasına mənfi təsir göstərən, məktəbin nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması üçün çoxsaylı tədbirlər həyata keçirir.

Rzaquliyeva deyib ki, məktəblərdə bayram tədbirlərinin keçirilməsi ilə bağlı əsassız söhbətlər azalıb. Bunun başlıca səbəbi isə BŞTİ-nin belə hallara qarşı ciddi mübarizə aparmasıdır.

"Bu məsələ Təhsil Nazirliyinin də daim diqqət mərkəzindədir. İkinci səbəb isə odur ki, biz İdarənin "qaynar xətt"ini ictimaiyyətə açıq elan etmişik və istənilən zəng çox böyük məsuliyyətlə araşdırılır, söylənilən fikirlərdə həqiqət varsa, günahkar şəxs mütləq cəzalandırılır. Ona görə də həmin xoşagəlməz hallar minimuma enib", - Rzaquliyeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti