...

Baş Prokurorluq: Lənkəranda baş vermiş insidenti araşdırmaq üçün istintaq-əməliyyat qrupu yaradılıb (MÜSAHİBƏ)

Cəmiyyət Materials 17 Dekabr 2011 16:37 (UTC +04:00)
Dekabrın 15-də Lənkəran rayonunun Nərimanabad-2 kəndində baş vermiş insidentlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in suallarını cavablandırıb.
Baş Prokurorluq: Lənkəranda baş vermiş insidenti araşdırmaq üçün istintaq-əməliyyat qrupu yaradılıb (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Dekabrın 15-də Lənkəran rayonunun Nərimanabad-2 kəndində baş vermiş insidentlə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in suallarını cavablandırıb.

- Dekabrın 15-də Lənkəranda baş vermiş insidentlə bağlı bəzi kütləvi informasiya vasitələrində ziddiyyətli məlumatlar yayılır. Hadisənin təfərrüatları ilə bağlı mövqeyinizi öyrənmək istərdik.

- Baş vermiş hadisənin təfərrüatları ilə bağlı dekabrın 16-da Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı ictimaiyyətə açıqlanıb.

Məlumat verildiyi kimi, qeyd edilən fakta görə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

- Hadisə zamanı xəsarət alanların olduğu barədə rəsmi məlumat verilib. Lakin qeyri-rəsmi məlumatlarda baş vermiş insidentdə bir nəfərin öldüyü bildirilir. Bu məlumatlar həqiqətə uyğundurmu?

- Hadisə zamanı hər hansı bir şəxsin ölməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. İnsident zamanı bir neçə polis əməkdaşı və kənd sakini Rahil Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

- Lakin insident zamanı Rahil Vəliyev adlı şəxsin zirehli avtomobilin altında qalması və ağır bədən xəsarətləri alması barədə KİV-lərdə məlumat yayılır. Belə bir fakt qeydə alınıbmı?

- Hadisə zamanı Rahil Vəliyevin guya zirehli texnikanın altında qalması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd etdiyim kimi, Vəliyev, eyni zamanda, bir neçə polis əməkdaşı hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda həmin xəsarətlərin hansı şəraitdə və kimlər tərəfindən yetirilməsi istintaqla araşdırılır.

- Hadisə zamanı neçə nəfər saxlanılıb və kimlərdir?

- Aparılmış ilkin araşdırmalarla ictimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 4 nəfər - Əkbərov Xaliq Arif oğlu, Hüseynov İsmayıl İsa oğlu, Abbaszadə Kainat Ağamməd oğlu və Məmiyev Farid Nizami oğlu qeyd edilən cinayətin törədilməsində şübhəli şəxs qismində tutulublar.

Hazırda Lənkəran rayon prokurorluğunda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti