...

Qəbələ aeroportu ərazisində aşkarlanan qədim yaşayış yeri ilə bağlı tarixi faktlar məlum olub

Cəmiyyət Materials 5 Yanvar 2012 15:12 (UTC +04:00)
Qəbələdə Beynəlxalq hava limanı tikilərkən aşkarlanan qədim yaşayış yeri ilə bağlı aparılmış ilkin arxeoloji qazıntıların nəticəsi açıqlanıb.
Qəbələ aeroportu ərazisində aşkarlanan qədim yaşayış yeri ilə bağlı tarixi faktlar məlum olub

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Qəbələdə Beynəlxalq Hava Limanı tikilərkən aşkarlanan qədim yaşayış yeri ilə bağlı aparılmış ilkin arxeoloji qazıntıların nəticəsi açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov cümə axşamı Trend-ə deyib ki, "Qalayeri-daş" adlanan həmin yaşayış yeri Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə aparılan arxeoloji qazıntılar zamanı eneolitin son mərhələsinə aid olan Leylatəpə mədəniyyətinə aid edilib.

Bu ərazi eramızdan əvvəl IV minilliyin I yarısının əvvəllərində Leylatəpə mədəniyyətinin daşıyıcıları tərəfindən salınıb. İnsanlar bu yaşayış yerində eramızın 8-ci əsrinə qədər yaşayıblar. Daha sonra bura ilk müsəlmanlar tərəfindən qəbiristanlığa çevrilib.

Muxtarovun sözlərinə görə, Leylatəpə mədəniyyətinə aid nümunələr Ağdam, Qazax, Tovuzda olsa da, Azərbaycanın şimal-şərq və şimal-qərb ərazilərində yox idi. Bu baxımdan Qəbələdə aşkarlanmış yeni yaşayış yeri Azərbaycan tarixinin eneolit dövrünün öyrənilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

Arxeoloq hesab edir ki, bu abidənin tədqiqi tariximizin həmin dövrünün öyrənilməsi ilə bağlı yaranan bir çox problemləri həll edəcək.

"İndiyədək hesab edilirdi ki, Leylatəpə mədəniyyəti Mesopotamiyadan şimala doğru yayılıb. Bu mədəniyyət Şimali Qafqaza da Qara dəniz ətrafı yollarla yayılıb. Amma bu abidənin aşkarlanması və tədqiqi göstərdi ki, Leylatəpə mədəniyyəti Şimali Qafqaza Qəbələ rayonunun dağ keçidləri vasitəsilə də yayıla bilər", - Muxtarov qeyd edib.

O, bu il həmin ərazidə əsaslı arxeoloji qazıntı işlərinin aparılacağını bildirib.

Ötən il Qəbələdə Beynəlxalq hava limanının tikintisi zamanı qədim yaşayış yeri aşkarlanıb.

Azərbaycanda Leylatəpə mədəniyyətinin aşkar olunması ilk tunc dövründə Kür-Araz mədəniyyətinin formalaşmasında Azərbaycanın iştirakını təkzib edən fikirləri alt-üst edib.

Xəbər lenti

Xəbər lenti