Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda meşə yanğınlarının qarşısının alınması, onlarla mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə təlim-məşqlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə günü Trend-ə bildirib ki, nazirliyin təlim-məşqlərində Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin əməkdaşları iştirak ediblər.
Onun sözlərinə görə, təlim məşqləri meşələrimizdə baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, yanğın baş verən zaman qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığın yoxlanılması, meşə yanğınları ilə mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə keçirilib.
Təlim Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları ilə birgə Şamaxı meşəbəyliyinin otlaq sahəsi ilə həmsərhəd olan Qozluq adlanan ərazisində keçirilib.
Təlim-məşqlərdə meşələrdə yanğın baş verən zaman müxtəlif vasitələrlə yanğının söndürülməsi, Mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın vasitəsilə suyun daha uzaq məsafələrə vurulması və yanğının geniş əraziyə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin yanğın baş vermiş əraziyə dərhal cəlb olunması və idarə edilməsi şəxsi heyətə nümayiş etdirilib.
Təlimdə 30 nəfərə yaxın şəxsi heyətin iştirakı ilə müxtəlif texniki vasitələrdən istifadə edilib.
Azərbaycanda meşə yanğınlarının qarşısının alınması məqsədilə təlim-məşqlər keçirilib
Azərbaycanda meşə yanğınlarının qarşısının alınması, onlarla mübarizə üsullarının təkmilləşdirilməsi və mənimsənilməsi məqsədilə təlim-məşqlər keçirilib.