Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir İ.İsabalayeva/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 10-dan 12-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 10-da hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.