...

Azərbaycanda doğulan körpələrin sayı ən yüksək həddə çatıb

Cəmiyyət Materials 18 Yanvar 2012 15:41 (UTC +04:00)
Son 17 il ərzində ilk dəfə olaraq, 2011-ci il ərzində doğulan körpələrin sayı ən yüksək göstərici olub.
Azərbaycanda doğulan körpələrin sayı ən yüksək həddə çatıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Son 17 il ərzində ilk dəfə olaraq, 2011-ci il ərzində doğulan körpələrin sayı ən yüksək göstərici olub.

Dövlət Statistika Komitəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ötən il ölkədə 175,4 min nəfər körpə doğulub.

Ötən il doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş təşkil edir.

2010-cu illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,5-dən 19,4-ə qədər artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin 1506-sı əkiz, 33-ü üçəm olub.

Doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.

Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,4 uşaq düşür, bununla da ölkədə əhalinin təkrar istehsalı təmin olunur.

İlkin məlumatlara əsasən, 2012-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda ölkə əhalisinin sayı 123,9 min nəfər (1,4 faiz) artaraq 9 milyon 235 min nəfərə çatıb. Azərbaycan əhalisinin 53 faizi şəhər, 47 faizi kənddə yaşayır. Əhalinin 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür.

Xəbər lenti

Xəbər lenti