Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bu il ilk dəfə olaraq, Azərbaycanda Gənclər Gününə həsr olunmuş tədbirlər daha geniş - festival formatında keçiriləcək. Bu barədə bazar ertəsi Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.
Festival fevralın 1-dən 11-dək davam edəcək. Bu tədbir Azərbaycan Prezidentinin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 7 iyul 2011-ci il tarixli sərəncamının icrası ilə bağlı təşkil olunur.
Festivalın məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsidir.
Festival çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə "Gəncliyin səsi" adlı rəsm sərgisi, Beynəlxalq Muğam Mərkəzində gənc muğam ifaçıları, gənc vokalçıların, "Buta" gənclər xorunun konserti olacaq.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildən hər il 2 fevral tarixi Azərbaycanda Gəncləri Günü kimi qeyd edilir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.