...

Azərbaycanda bir sıra səhiyyə müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə yeni qərar verilib

Cəmiyyət Materials 1 Fevral 2012 14:51 (UTC +04:00)
Azərbaycanda bir sıra səhiyyə müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə yeni qərar verilib
Azərbaycanda bir sıra səhiyyə müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə yeni qərar verilib

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzlərinin və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə yeni qərar verib.

Nazirlər Kabinetindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qərara əsasən, Azərbaycanda bir sıra səhiyyə müəssisələrinin işçilərinin aylıq vəzifə maaşları Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli"nə müvafiq olaraq müəyyən ediləcək. Həmin müəssisələr Səhiyyə Nazirliyinin Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin Gəncə Müalicə Diaqnostika Mərkəzidir.

Müalicə diaqnostika mərkəzlərində çalışan işçilərin əməyinin ödənilməsi və həmin müalicə diaqnostika mərkəzlərinin illik saxlanılması xərcləri dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Müalicə diaqnostika mərkəzlərində çalışan işçilərin işinin mürəkkəbliyi, gərginliyi və əməkdə göstərdikləri yüksək nəticələri nəzərə alınaraq, onların aylıq vəzifə maaşlarına NK-nın 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nə uyğun olaraq, Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Səhiyyə Nazirliyi tərəfindən əlavələr ödəniləcək.

Mərkəzi Neftçilər Xəstəxanasının fəaliyyəti 2012-ci ildən başlayaraq, özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək və zərurət yarandıqda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həmin xəstəxanaya maliyyə yardımı ayrılacaq.

Qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti