Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, Т.Cəfərov/
İran öz istehsalı olan "Navid-e Elm-o Sanat" peykinin oribitə buraxılmasını uğurla həyata keçirib. Bu barədə cümə günü Trend IRNA agentliyinə istinadən məlumat verir.
Agentlik əlavə edir ki, peykin orbitə buraxılmasına şəxsən ölkə Prezidenti Mahmud Əhmədinejad əmr verib.
İranın Milli Kosmik Agentliyinin rəhbəri Həmid Fazili buraxılan peyk və onun imkanları haqqında bəzi təfərrüatları açıqlayıb.
"Navid-e Elm-o Sanat-ın çəkisi 50 kiloqramdır və kompüter əsasında qurulan mikropeykdir. Bunun hesabına onu Yerdən idarə etmək mümkündür, - o deyib. - Mikropeyk Yerin fotoşəkillərinin çəkilməsi üçün nəzərdə tutulub".
O bildirib ki, peyk Yerdən 250-dən 375 kilometrədək hündürlükdə şəkil çəkə bilər.
İranın Milli Kosmik Agentliyinin vəzifəli şəxsləri bir müddət əvvəl bildirmişdilər ki, 2012-ci ildə "Zəfər" adlı daha bir peykin buraxılışı həyata keçiriləcək. Onun çəkisi 90 kiloqram olacaq və Yer ətrafında elliptik orbit üzrə dövrə vuracaq.
İran özünün "Ümid" adlı ilk peykini 2009-cu ildə buraxıb.
İran BMT-nin Kosmik məkandan istifadə üzrə komitənin əsasını qoyan 24 üzvündən biridir.
Tehran kosmosa ilk kosmonavtını 2019-cu ildə göndərmək fikrindədir.