...

Bakının ən soyuq fevral ayı

Cəmiyyət Materials 7 Fevral 2012 13:10 (UTC +04:00)
Bakıda ən soyuq fevral ayı 1954-cü ildə qeydə alınıb.
Bakının ən soyuq fevral ayı

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

Bakıda ən soyuq fevral ayı 1954-cü ildə qeydə alınıb. Bunu çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, 1954-cü ildə Bakıda havanın orta aylıq temperaturu 0,7 dərəcə şaxta qeydə alınıb. Bu da iqlim normasından 5,6 dərəcə aşağı olub. Həmin ildə uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində gündüz temperaturlar müsbət 6 dərəcədən yuxarı qalxmayıb. Havanın minimal temperaturu mənfi 8 dərəcəyədək enib.

Bakıda ən aşağı temperatur 1969-cu ildə fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt paytaxtda 9,6 dərəcə şaxta olub.

Məmmədova bildirib ki, fevral ayı həmişə ən soyuq qış ayı olur və bu ayda hava şəraiti yanvardan çox fərqlənir. Fevralda şaxtalı günlərin sayı da əvvəlki aylarla müqayisədə çox olur.

Onun sözlərinə görə, soyuq arktik hava kütlələrinin ölkə ərazisinə daxil olması bu il də respublikada hava şəraitinin uzun müddət soyuq, şaxtalı keçməsinə şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti