Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ötən il narkotiklərin qanunsuz dövriyyəsinə görə 22 nəfər əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, əcnəbilərdən 54 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.
Məsuliyyətə cəlb edilən əcnəbilərdən 2-si İran (39 kq-dan çox narkotik vasitə götürülüb), 13-ü Gürcüstan (14 kq-dan çox narkotik vasitə götürülüb), 4-ü Rusiya, hər biri bir nəfər olmaqla Ukrayna, Əfqanıstan və Türkiyə vətəndaşları olub.
Komissiyadan bildirilib ki, 2011-ci ildə daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2036 cinayət qeydə alınıb. Cinayətlərdən 817-si narkotiklərin satışı, 1694-ü saxlanması, 111-i əkini ilə bağlı olub.
Həmin cinayətlər üzrə 557 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
366 tondan artıq yabanı halda bitən narkotik xassəli bitkilər məhv edilib.
Ötən ilin statistikasına görə, ölkədə 26 mindən artıq narkoman qeydiyyata alınıb.