...

Azərbaycanda yeni yol nişanları qoyulan zaman sürücülərə xəbərdarlıq edilməlidir?

Cəmiyyət Materials 16 Fevral 2012 13:11 (UTC +04:00)
Avtomobil yollarında yeni yol nişanlarının qoyulması zamanı xəbərdaredici nişanın və ya lövhənin qoyulmasını qanun müəyyən etməyib.
Azərbaycanda yeni yol nişanları qoyulan zaman sürücülərə xəbərdarlıq edilməlidir?

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtomobil yollarında yeni yol nişanlarının qoyulması zamanı xəbərdaredici nişanın və ya lövhənin qoyulmasını qanun müəyyən etməyib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, belə bir məlumatlandırıcı yol nişanı barədə qanunvericilik heç bir hal müəyyən etməyib.

Şöbə rəisinin sözlərinə görə, qanunvericiliyə əsasən, sürücü yol nişanlarına diqqət etməlidir.

"Yeni nişanın qoyulması öz tələbini bildirir. Bununla bağlı əlavə bir lövhənin qoyulmasına ehtiyac yoxdur", - o deyib.

Əliyevin sözlərinə görə, hər hansı yolda yeni nişan qoyularsa və sürücü həmin nişanın tələbin pozarsa, yenə də inzibati məsuliyyətə cəlb olunmalıdır.

"Yeni nişana diqqət etməyən sürücü bu nişan barədə xəbərdaredici nişanı necə görəcək?", - o deyib.

Əliyevin sözlərinə görə, yollarda yeni yol nişanlarının qoyulması ilə bağlı yol polisinin üzərinə məlumatlandırma vəzifəsi qoyulmayıb.

"Hərəkətin təşkilində dəyişiklik olarsa, yol polisi KİV-in köməyi ilə əhaliyə məlumat verə bilər. Yol polisinin nişanlarla bağlı belə bir öhdəliyi yoxdu", - şöbə rəisi deyib.

Qeyd edək ki, Kanadada yeni yol nişanları qoyulduğu halda onların altında sarı məlumatlandırıcı lövhə qoyulur.

Xəbər lenti

Xəbər lenti