Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda kommunal xidmətlər və onların göstərilməsi dövlətdə inkişafın göstəricisidir. Bəzi hallarda vətəndaşlar süründürməçilik və korrupsiya ilə üzləşir. Bu halların aradan qaldırılması üçün çeviklik və səmərəlilik prinsipləri tətbiq olunmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü "Mənzil təsərrüfatı sektorunda şəffaflığın artırılması" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edərkən Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov deyib.
"Şəffaflığın təmin olunması çevik və səmərəli idarəetmə sisteminin qurulmasından asılıdır. Elektron xidmətlərin yaradılması ilə çevikliyi təmin etmək mümkündür. Bu xidmətin vasitəsilə vətəndaşlar dövlət orqanına gəlmədən lazımi sənədləri təqdim edə bilər. Həmçinin bu xidmətin vasitəsilə dövlət qurumları ilə əlaqələr qurulur. Müasir texnologiyalarsız bugünkü fəaliyyətimizi qurmaq qeyri-mümkündür", - Kərimov bildirib.
Onun sözlərinə görə, vətəndaşların ən çox təmasda olduğu qurumlar kommunal xidmətlər göstərən təşkilatlar və yerli icra hakimiyyəti orqanlarıdır. Bu baxımdan bu sahədə şəffaflığın təmin edilməsi, çevik və səmərəli idarəetmə sisteminin qurulması vacibdir.
İnam Kərimov: Şəffaflığın təmin olunması üçün çevik və səmərəli idarəetmə sistemi qurulmalıdır
Azərbaycanda kommunal xidmətlər və onların göstərilməsi dövlətdə inkişafın göstəricisidir. Bəzi hallarda vətəndaşlar süründürməçilik və korrupsiya ilə üzləşir.