...

Bu il Azərbaycanda müəllimlərin işə qəbul imtahanları yeni mərkəzdə keçirilə bilər

Cəmiyyət Materials 21 Fevral 2012 14:38 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayana qədər bu müsabiqələrin keçirilməsi məqsədilə Kadr Təminatı və Təlim Mərkəzinin formalaşdırılacağı gözlənilir.
Bu il Azərbaycanda müəllimlərin işə qəbul imtahanları yeni mərkəzdə keçirilə bilər

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayana qədər bu müsabiqələrin keçirilməsi məqsədilə Kadr Təminatı və Təlim Mərkəzinin formalaşdırılacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, müəllimlərin işə qəbulu üçün imtahanlar bu il həmin mərkəzdə keçirilə bilər. Hazırda mərkəzin binasının müəyyənləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

"Ötən il müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsi üçün Təhsilin İnformasiyalaşdırılması İdarəsinin bazasından istifadə edildi. İndi isə məqsəd odur ki, bu işi müstəqil həyata keçirmək üçün ayrıca mərkəz yaradılsın", - nazirlikdən qeyd edilib.

Bildirilib ki, mərkəzdə işə qəbul üçün şəbəkə qurulacaq. Bu mərkəz yeni bir struktur olmayacaq, yəni o, daimi fəaliyyət göstərməyəcək. Mərkəzdən müəllimlərin işə qəbulu həyata keçirilən zaman istifadə ediləcək. Buna baxmayaraq, ondan il ərzində təlimlərin keçirilməsi, direktorların işə qəbulu və s. məqsədlər üçün də istifadə oluna bilər.

"Amma bu barədə dəqiq fikir söyləmək mümkün deyil. Ola bilər ki, mərkəz formalaşandan sonra o, daha geniş səviyyədə istifadə olunsun", - nazirlikdən deyilib.

Əlavə edilib ki, bütün hazırlıq işləri iyun ayı ərzində aparılsa, iyuldan imtahanların keçirilməsinə başlanıla bilər.

Xəbər lenti

Xəbər lenti