...

Milli enerji, milli güc və milli dövlət

Cəmiyyət Materials 5 Mart 2012 17:47 (UTC +04:00)

Hikmət Babaoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Milli enerji pozitiv və neqativ platformada

Bütöv bir sistem olmaq etibarilə hər bir cəmiyyətin təkmil surətdə idarə olunması, müsbət və mənfi meyillərə istiqamətlənməsi və inkişafının təmin edilməsi sosium daxilindəki funksional dinamik güclərlə əlaqədardır. Əlbəttə ki, cəmiyyətin inkişafının əsasında duran fundamental faktorlardan birini sosium daxilindəki funksional dinamik güclərin hansı tip enerji ilə yüklənməsi təşkil edir. Bir çox cəmiyyətlərdə neqativ enerji yükü üstünlük təşkil etdiyindən burada destruktiv meyillər hökm sürür, xaos və institusional problemlər mövcud olur. Bəzi cəmiyyətlərdə isə dinamik güclər pozitiv enerji ilə yükləndiklərindən onların fəaliyyəti ictimai nizam və ahəngdarlığın mühafizəsinə xidmət edir, bunun sayəsində isə sosiumda stabillik və sabit inkişafa nail olmaq mümkün olur.

Qəzəb və xoşgörü sosial faktor kimi

Təsadüfi deyil ki, modern cəmiyyətlərdə sosial psixoloqları düşündürən başlıca məsələlərdən biri də məhz cəmiyyətdəki neqativ yüklərin neytrallaşdırılması, eyni zamanda, pozitiv enerjinin miqyası və səviyyəsinin artırılmasıdır. Əlbəttə ki, sosium daxilində pozitiv enerjinin bərqərar olunması cəmiyyətin siyasi sisteminin xarakteristikasından, mənəvi dəyərlər və stimullardan, sosial ədalət prinsipinin nə dərəcədə təşəkkül tapmasından, cəmiyyəti formalaşdıran fərdlərin intellektual və ümumi dünyagörüşü səviyyəsindən və s. asılıdır. Məhz bütün bu ünsürlər modern Qərb cəmiyyətlərində təşəkkül tapdığından bəhs olunan sosiumlarda inkişaf, sabitlik və pozitiv tendensiyalar müşahidə olunur. Bu cür nizamlı və davamlı inkişafın fonunda Qərb cəmiyyətlərində elm, sənaye və digər sahələrdə yüksək tərəqqi meyilləri əldə olunub. Bu isə sosiumda funksional fərdlərin - peşəkar kadrların və intellektual subyektlərin formalaşmasını şərtləndirib ki, bu da birbaşa inkişaf və tərəqqinin qarantı qismində çıxış edən əsas amillərdən biridir.

Enerjinin fərdlərdən sosial-siyasi qruplara transferi hadisəsi

Əlbəttə ki, cəmiyyət bütöv bir sistemdir və fərdlərin məcmusundan ibarətdir. Deməli, sosiumda təşəkkül tapmış pozitiv və neqativ enerjinin kökünü fərdlərdə axtarmaq lazımdır. Burada isə ilk növbədə diqqəti ayrı-ayrı fərdlərin şəxsi keyfiyyətlərinə, daha sonra fərdlərin formalaşdırdığı sosial qruplar və kollektivlərin, bunun ardınca isə ictimai-siyasi institutların fəaliyyət mexanizminə yönəltmək lazımdır. Ümumiləşdirsək, deyə bilərik ki, inkişaf etmiş və intellektual əsaslı cəmiyyət üçün inkişaf etmiş və intellektual fərd şərtdir. Çünki cəmiyyət bütöv bir sistem olmaqla yanaşı, həm də funksional vahiddir. Odur ki, cəmiyyəti formalaşdıran fərdlərin inkişafı məhz sosiumun inkişafını, cəmiyyət daxilindəki proseslər və tendensiyaların pozitiv xarakter almasını şərtləndirən faktordur. Təbii ki, burada söhbət təkcə fərdlərin intellektual potensialından və inkişaf səviyyəsindən getmir. Ən əsası budur ki, fərdlər özlərinin ümumi dünyagörüşlərinə müvafiq surətdə mənimsədikləri dəyərləri sosial-siyasi müstəvidə reallaşdırmalı və praktik müstəvidə pozitiv enerjinin təşəkkül tapması üçün fəaliyyət göstərməlidirlər.

Əlbəttə ki, ideal cəmiyyət yoxdur. Bu və ya digər sosiumlarda, hətta modern Qərb cəmiyyətlərində belə həm pozitiv, həm də neqativ enerji təşəkkül tapmışdır. Amma bunların proporsiyasına (nisbətinə) müvafiq olaraq bir cəmiyyət digərindən özünün inkişafına və ahəngdarlıq səviyyəsinə görə fərqlənir.

Neqativ enerjidən necə xilas olmalı?!

Vurğulanması zəruri olan məqamlardan biri də idarə olunan və olunmayan enerji məsələsidir. Bu gün sosial psixoloqları və cəmiyyətşünasları düşündürən başlıca məsələlərdən biri də neqativ enerjinin necə idarə olunması, həmçinin, onun cəmiyyətdən ixrac olunmasının metod və vasitələrinin tapılmasıdır. Bu istiqamətdə Qərb cəmiyyətlərində artıq müəyyən üsul və vasitələrdən istifadə olunmaqdadır. Eyni zamanda, inkişaf etmiş cəmiyyətlərdə bu yöndə psixoloq xidməti təklif olunmaqdadır. Həmçinin, Qərb cəmiyyətlərində fərdlərin neqativ yüklü enerjidən arınması üçün inanc vasitələri və dini dəyərlər mühüm əhəmiyyət kəsb edir. Məsələn, günah işlətmiş və ya özünü günahkar hesab edən şəxslər dini liderə (məsələn, papaza) müraciət etməklə günahlarını etiraf etmiş olurlar. Günahını etiraf etmiş şəxs özünü təmizlənmiş hesab edir və öz vicdanı qarşısında bir daha günah etməmək kimi öhdəlik götürür. Təbii ki, bu, fərdi müstəvidə neqativ enerjinin cəmiyyətdən zərərsiz olaraq ixrac olunmasının bir formasıdır. Amma təəssüf ki, İslam dinində də bu cür müsbət xüsusiyyət - tövbə ənənəsinin olmasına baxmayaraq, nədənsə, müsəlman şərqində mövcud olan cəmiyyətlərdə günahı etiraf etmək, yanlış yoldan dönmək ənənəsinə çox az hallarda rast gəlinir. İnkişaf və tərəqqi isə bu cür sindromların "sındırılması"nı tələb edir.

Pozitiv və neqativ enerjinin sosial mediada təzahürü

Bütün bunların fonunda olduqca mühüm əhəmiyyət kəsb edən digər bir məsələ və istiqamətə də toxunmaq məqsədəmüvafiqdir. Belə ki, müasir kibertexnologiyaların, informasiya və kommunikasiya vasitələrinin, yeni təmayüllü sosial medianın yaranması da pozitiv və neqativ enerjinin təşəkkül tapması və müxtəlif sahələrə sirayət etməsinə şərait yaradır. Sosial media özünəməxsus platformadır. O, bütün fərdləri əhatə edəcək qədər kütləvidir, eyni zamanda, ifrat sərbəstlik verəcək qədər azaddır. Belə olan təqdirdə bəhs olunan platformada idarəetməni və rasional nəzarəti necə təşkil etmək lazımdır?

İlk növbədə qeyd etmək lazımdır ki, yuxarıda inkişaf etmiş sosium kimi səciyyələndirdiyimiz cəmiyyətlərdə bu platformadan müsbət enerjinin təşəkkülü və idarə olunması istiqamətində pozitiv surətdə istifadə edilməkdədir. Bu isə özlüyündə cəmiyyətə nizam, ahəngdarlıq, tərəqqi və sabitlik gətirməkdədir. Amma rasional münasibətlər sisteminin formalaşmadığı neqativ yüklü cəmiyyətlərdə bu platforma, bir növ, xaos və destruktiv ziddiyyətlər mənbəyi kimi çıxış edir ki, bu da əlbəttə ki, arzuolunmazdır. Məsələn, "Ərəb baharı" adlandırılan Yaxın Şərq və Şimali Afrika hadisələrindən sonra bir daha əmin olduq ki, sosial media hər nə qədər inkişaf üçün bir açar əhəmiyyəti daşıyırsa, bir o qədər də tənəzzül mənbəyi və ya vasitəsi kimi də çıxış edir.

Sosial medianın bu gücü və keyfiyyəti, heç şübhəsiz, onu yaradanlar tərəfindən əvvəlcədən nəzərə alınmış və məqsədə uyğun şəkildə sistemləşdirilmişdir. Bu isə sosial mediaya idarəetmə keyfiyyəti gətirməklə konkret sosial-psixoloji silaha çevirmişdir. İdarə edilənlər bu silah vasitəsilə ayrı-ayrı cəmiyyətlərdə ən müxtəlif hadisələr törədə bilir, milli dövlətlərin və xalqların hüquqlarını öz maraqları naminə ciddi zərbə altında qoya bilirlər. Başqa sözlə, sosial media beynəlxalq təzyiq qrupları kimi fəaliyyət göstərir və onu idarə edən transmilli güclərin imperialist maraqlarına xidmət edir. Məsələn, ilk baxışda cəlbedici görünən və dəbdə olan bir "demokratiya nəğməsi" düşünülür və bu "nəğmə"yə öz milli maraqlarına qarşı çıxış etmək üçün xüsusi qəzəb və kin notları yüklənir. Bu kin və qəzəb fərdlər tərəfindən mənimsənilməklə vətəndaşı mənsub olduğu dövlətə qarşı istiqamətləndirir. Sosial media vasitəsilə kütləviləşdirilən bu "nəğmə" "xor"a, sonra isə dirijor vasitəsilə idarə edilən simfonik orkestrə çevrilir. Dirijor qismində imperialist mərkəzlər çıxış edir. Belə mərkəzlərin maraqları isə əsla milli dövlətlərin mənafeyi ilə üst-üstə düşmür. Dirijorun çubuğu ilə idarə edilən kütlə qeyri-şüuri davranışı mənimsəməklə idarə olunan xaos qismində çıxış edir. Dirijor çubuğu hədəf olaraq milli dövlətləri göstərir və "Ərəb baharı" hazırdır. Bundan sonra yaddaşlarda "demokratiya nəğməsi", real həyatda isə terror, qarşıdurma, milli faciə və milli dövlətlərin dağılması müşahidə olunur. Böyük bir cəzasızlıq mühiti, bir-birinə kin duyan bir neçə tərəf, xaos cəmiyyəti, viran olmuş ölkə: qazanan isə, əlbəttə ki, imperialist güclərdir.

Sosial mediada enerji paylaşımı və onun Azərbaycan təcrübəsi

Neqativ enerji yüklü fərdlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə, çox təəssüf ki, sosial media üzərindən destruktiv xarakterli fikirlər təbliğ edilir və sosium daxilindəki ictimai ahəngin pozulmasına zəmin yaradılır. Hətta Azərbaycanda da bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən sosial media üzərindən neqativ enerji paylaşımı edir ki, bu da cəmiyyət daxilindəki fərdlərin mənfi enerji ilə yüklənməsini şərtləndirir. Təəssüflər olsun ki, həmin qüvvələr bununla imperialist güc mərkəzlərinin transmilli səciyyə daşıyan strateji planlarına xidmət edirlər. Ancaq bəxtimiz onda gətirib ki, cəmiyyətimiz kifayət qədər intellektual və yetkindir. Bir çox fərdlər məsələnin mahiyyətini tam olaraq dərk edir, anlayır, digər bir qisim isə elmi-nəzəri əsasları bilməsə də, intuitiv olaraq onların məqsədlərini başa düşür və idarə olunan xaosa qarşı dururlar. Ona görə də, ölkəmizdə tərəqqi və inkişaf baş verir və bu proses dövlətimiz tərəfindən milli maraqlarımıza uyğun şəkildə məharətlə idarə olunur.

"Ərəb baharı" sindromu və sosial media

Qeyd etdiyimiz kimi, "Ərəb baharı" kimi səciyyələndirilən hadisələrin başlanmasında və dinamikasında imperialist güc mərkəzləri sosial mediadan məharətlə istifadə etdilər. Bu zaman isə qeyd etdiyimiz kimi, daha çox "demokratiya nəğmələri"nə istinad edildi. Amma bəhs olunan geostrateji məkanda baş verən destruktiv hadisələrindən sonra heç kəs iddia edə bilməz ki, "Ərəb baharı" Yaxın Şərq və Şimali Afrikaya tərəqqi və rifah gətirəcək. Məsələ ondadır ki, mövcud proseslərin fonunda ortaya atılan iddia ilə onu təmin etməli və ya mənimsəməli olan resurslar adekvat deyil, hətta ziddiyyətlidir. Yəni, demokratiya, insan hüquqları və azadlıqlar və s. kimi dəyərləri qəbul edəcək insani resurslar onu mənimsəməyə hazır deyillər. Ən azından ona görə ki, belə dəyərlər, birincisi, səmimi niyyətlə ixrac olunmur, ikincisi, heç ixrac edənin məqsədi də həqiqi demokratiya ixrac etmək deyil, üçüncüsü, 40 ölçülü ayağa 50 ölçülü ayaqqabı geyindirilməyə çalışılır, üstəlik israrla tələb edilir ki, sağ tay sol ayağa, sol tay isə sağ ayağa geyindirilməlidir. Belə geyinib, yeriyəndə isə adam yıxılaraq gülüş hədəfinə çevrilir. Bir neçə dəfə yıxıldıqdan sonra isə artıq emosiyalar işə düşür, növbəti prosesdə əql iştirak etmir və kütləvi mənfi emosiya inqilab doğurur.

Ümumiyyətlə, inqilab yalnız dağıntı və xaos gətirir. Və yaxud inqilabla tərəqqi, rifah, demokratiya və inkişaf əldə etmək olmaz. Artıq bir neçə ildir ki, dünya miqyasında inqilablar və iğtişaşlarla müşayiət olunan destruktiv hadisələr göstərir ki, bu tip inqilablar yalnız milli tənəzzül mənbəyi qismində çıxış edir. Məhz buna görə də, "Ərəb baharı" adlandırılan hadisələrin fonunda iddia edildiyinin əksinə olaraq deyə bilərik ki, inqilab və ya iğtişaşla əsla demokratiya keçidi - demokratik tranziti təmin etmək olmaz. Başqa sözlə, qanunsuzluqla qanun yaratmaq olmaz. "Oğuznamə"də deyildiyi kimi, qanla qanun yaratmaq olmaz!

İnqilab demokratiyaya transformasiya üçün heç də yaxşı vasitə deyil

Məsələ ondadır ki, "Ərəb baharı" kimi səciyyələndirilən hadisələrin fonunda əldə edilən nəticələr nəinki demokratik transformasiyanı təmin etmir, hətta xaos və anarxiya mənbəyi qismində çıxış edir. Məlum olduğu kimi, praktik proseslərin fonunda konseptuallaşdırılmış nəzəri mənbələrdə milli dövlətlər şərti olaraq demokratik, demokratik transformasiya yolunda olan və qeyri-demokratik ölkələr kimi səciyyələndirirlər. Zənnimizcə, bunun əsası hər bir cəmiyyətin xarakteri və fərdlərin şəxsi intellektual və mədəni keyfiyyətləri ilə bağlıdır. Ümumiyyətlə, demokratiyaya ən müxtəlif təriflər verilsə də, əminliklə söyləmək olar ki, demokratiya etalon deyil və yaxud demokratiya etalonu yoxdur. Başqa sözlə desək, hər bir demokratiya modeli digərindən köklü surətdə fərqlənir. Məsələn, Fransa ilə Almaniyanın idarəetmə sisteminin fonunda hər iki ölkənin demokratiya modelləri bir-birindən fərqlənir. Məhz bu kontekstdə qeyd edə bilərik ki, demokratiya əxlaqdır, həyat tərzidir, hüquqdur, azadlıqdır, intellektdir, dünyagörüşüdür və s. Bunları isə haradansa satın almaq mümkün deyil. Gərək, zəhmət çəkib, illərlə qətrə-qətrə əldə edəsən. Özü də bu cəhd kütləvi olmalıdır.

"Demokratiya ba­za­rı" imperialist "demokratlar"ın inhisarındadır və yaxud genetik modifikasiyalı "demokratiya"

Yuxarıda da qeyd etdik ki, "Ərəb baharı" kimi səciyyələndirilən hadisələrin başlanmasında və dinamikasında imperialist güc mərkəzləri sosial mediadan məharətlə istifadə etdilər. Bu zaman isə daha çox "demokratiya nəğmələri"nə istinad edildi. Əlbəttə ki, məhz bu cür yanaşmanın fonunda hazırda "demokratiya" silahından müasir dünya siyasətində imperialist güc mərkəzləri məharətlə istifadə etməkdədirlər. Demokratiya haqqında mövcud fikir və mülahizələrin hamısı bir-birindən elmi, məntiqli, maraqlı və cəlbedici görünsə də, bütün hal­larda nəzəriyyəçilərin və onu ixrac etməyə çalışan mərkəzlərin ya qeyri-səmimiliyi, ya da məsələni sonunadək izah edə bilməmələri açıq görünür. Bizim qənaətimizcə, de­mok­ra­ti­ya haqqında ən kütləvi və ən ümumiləşmiş fikir olan "demokratiya xal­qın hakimiyyətidir, yaxud insan hüquqları ilə məh­dud­laş­dı­rıl­mış hakimiyyətidir" tezisi o qədər də doğru deyil. Xalqın hamı­sı­nın eyni vaxtda hakimiyyətdə olması praktik baxımdan gülüncdür. Belə olduqda, görəsən, hakimiyyət altında olanlar kim olacaq?

Ona görə də, bu tezis daha çox ictimai ahəngdarlığı və har­mo­ni­yanı qorumaq və azlığın (bir qrupun) hakimiyyətini təmin etmək üçün düşünülmüş təbliğata bənzəyir. Demokratiya bütün digər növ cə­miyyət quruluşu modelləri kimi, cəmiyyətin təbii tələbatı olan qrup hakimiyyətini təmin edir. Digər deyilənlər isə siyasi ak­se­sur­lar­dan başqa bir şey deyil. Üstün cəhət isə sadəcə vaxtaşırı seç­ki­lə­rə getməklə hakimiyyətin legitimliyinin saxlanılmasıdır. Hakimiyyətin mütləq mə­zmunu isə hökm etməkdir. Bu, bütün cəmiyyətlərin yazılmamış ali qanunudur.

Ancaq demokratiya üstün dəyər kimi bu gün daha çox siyasi spe­kulyasiya vasitəsinə, hətta qlobal güc mərkəzlərinin imperiya ma­raqlarının reallaşdırılmasına xidmət edən alətə çevrilib. "De­mok­ratiya" mərkəzlərindən ixrac edilən bu cür "genetik mo­di­fi­ka­si­ya olunmuş demokratiya" isə heç də həqiqi demokratiya istəyən xalq­ların milli maraqlarına uyğun gəlmir. Ancaq "demokratiya ba­za­rı" imperialist "demokratlar"ın inhisarında olduğu üçün "ba­zar"da başqa "mal", alternativ yoxdur. Biz mütləq demokratiya adı altında bizə sırınanları almalıyıq. Ona görə də, nəzəriyyəyə çox da alu­də olmadan bütün hallarda milli və dövlət maraqları ilə uz­laş­ma­yan demokratiyadan imtina etmək lazımdır. Bizcə, qloballaşan, ha­mının bir-birinə bənzədilməsinə çalışılan dünyada milli-mənəvi də­yərlərin qorunmasının ən düzgün yolu məhz budur.

Xəbər lenti

Xəbər lenti