...

Bakı polisinin təxminən 30 faizi "Eurovision 2012"-nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb ediləcək

Cəmiyyət Materials 9 Mart 2012 12:24 (UTC +04:00)
Bakı polisinin təxminən 30 faizinin "Eurovision 2012"-nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb edilməsi nəzərdə tutulub.
Bakı polisinin təxminən 30 faizi "Eurovision 2012"-nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb ediləcək

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisinin təxminən 30 faizinin "Eurovision 2012"-nin təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb edilməsi nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı "Polis" qəzetinə açıqlamasında bildirib.

İdarə rəisi deyib ki, mahnı müsabiqəsi zamanı polis gücləndirilmiş iş rejimində işləyəcək.

İctimai təhlükəsizliyin təmin edilməsi üçün xüsusi tədbirlər planının hazırlandığını qeyd edən Məmmədxanlı bildirib ki, tədbirin keçiriləcəyi ərazilərdə, qonaqların yaşayacaqları və istirahət edəcəyi yerlərdə polis naryadlarının ayrılması nəzərdə tutulub.

Həmçinin hər bir əraziyə məsul şəxslər ayrılacaq. Hazırda tədbirlərin keçiriləcəyi rayonların elektron variantda xəritəsi, sxemi hazırlanır.

İdarə rəisi deyib ki, paytaxt polisi belə irimiqyaslı tədbirin təhlükəsizliyinin təmini istiqamətində beynəlxalq təcrübədən yararlanacaq.

Onun sözlərinə görə, bu məqsədlə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmiş bir neçə dövlətin təcrübəsi öyrənilir.

"Rusiya, Ukrayna və sonuncu olaraq müsabiqənin keçirildiyi Almaniyanın Düsseldorf şəhərində tətbiq edilmiş təhlükəsizlik tədbirləri öyrənilir. Daha çox Rusiyanın təcrübəsi öyrənilir, bununla bağlı artıq bu ölkənin rəsmiləri ilə görüşlər də keçirilib", - o bildirib.

Məmmədxanlı qeyd edib ki, "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı Təhlükəsizlik Konsepsiyası hazırlanıb.

"Bu konsepsiya Avropa Yayım Birliyinin təhlükəsizlik məsələləri ilə məşğul olan nümayəndələri tərəfindən də müsbət qiymətləndirilib", - o deyib.

Xəbər lenti

Xəbər lenti